İnstitutun şöbə müdiri proqramlaşdırma üzrə beynəlxalq konfransda çıxış edib
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova Ukraynanın Kiyev şəhərində hibrid formatda keçirilən “Proqramlaşdırma üzrə XIV beynəlxalq elmi və praktiki konfrans”da (Fourteenth International Scientific and Practical Programming Conference, UKRPROG-2024) iştirak edib.
Faktinfo.az xəbər verir ki, G. Nəbibəyova konfransda “Neyron şəbəkələrinin OLAP sistemlərində tətbiqi” (Application of neural networks in OLAP systems) mövzusunda məruzəsini təqdim edib. Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi OLAP və neyron şəbəkələrinin inteqrasiyasının mümkünlüyünü, eləcə də bu inteqrasiyanın intellektual məsələlərin həllində təsirini öyrənmək və arxitektur-texnoloji modeli hazırlamaqdan ibarətdir.
O, öz çıxışında OLAP sistemlərinin əsas xüsusiyyətlərindən bəhs edib. Neyron şəbəkələrinin süni intellekt metodu olduğunu bildirərək onun növləri haqqında məlumat verib. Həmçinin OLAP və neyron şəbəkələrinin inteqrasiyasına dair işlənilmiş arxitektur-texnoloji modeli təqdim edib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bu xəbər üçün şərh yazın