İqbal Ağazadə: “Heyvan yemi kimi istifadə olunan yağları Azərbaycana gətirir, əhaliyə verirlər, xərçəng xəstəliyini yayan da budur”

İqbal Ağazadə: “Heyvan yemi kimi istifadə olunan yağları Azərbaycana gətirir, əhaliyə verirlər, xərçəng xəstəliyini yayan da budur” 

“Bu gün Azərbaycanın ərzaq sektoruna diqqət etsəniz, olduqca faciəvi durum yaranıb. Azərbaycanda hazırda kardioloji xəstələrin riski 95%-dir.

Xərçəng riski 60%-in üzərindədir. Bu, onkoloji faciədir. Hər dəfə Onkologiya Mərkəzinə gedəndə rəhmətlik Şücaətin şeiri yadıma düşür: “Bura biçarə ilə doludur, ana...” İnsanlar biçarədir. Bir neçə il əvvəl orada o qədər adam yox idi. Nədəndir? Keyfiyyətsiz ərzaq məhsullarının, xüsusilə yağların dövriyyədə olmasına görə. Bu gün Azərbaycanda hansı ərzaq mağazasına, marketlərə - istər mini, istər super, hipermarketlərə girsən, üst-üstə nə qədər desəniz, günəbaxan, qarğıdalı yağları yığıldığını görərsən. Bu yağlar o qiymətə marketə necə gəlib? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoxlasın. Bu, bilirsiniz nədir? Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətiriblər, təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Dəhşətli faciədir. Xərçəng xəstəliyini, onkoloji xəstəliyi yayan da budur”.

 Pravda.az xəbər verir ki, bu sözləri “Pressklub”a müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 “Kərə yağlarının tərkibinə baxın, görün orada kərə yağının adına bir şey varmı? Marqarin yağlarının təkinə baxın. Niyə insanımızı qırırsınız? Bir məmləkət insanı ilə dəyərlidir. Mən bu məmləkəti insanına görə sevirəm, insanına görə bu məmləkətə “Vətən” deyirəm, daşına, divarına görə yox. 

Təbiət gözəlliklərinə, faunasına, florasına görə seçim etmiş olsaydım, mən heç Azərbaycanı seçməzdim, dünyanın daha gözəl yerlərini seçərdim. İnsanlarımızı niyə bu vəziyyətə qoymalıyıq? Azərbaycan insanını əzmək olmaz, biz insanımızla dəyərliyik. Hər zaman bir şeyi düşünməliyik: necə insan yetişdirmək istəyirik? Birinci növbədə sağlam, ikinci növbədə təhsilli, gerisi hekayədir... Sağlam və təhsilli insan özü dünyanın nəbzini tutacaq, addım-addım özünü də, məmləkətini də, vətəndaşlarını da, cəmiyyətini də yetişdirə-yetişdirə bir yerlərə aparıb çıxaracaq. Sağlamlığımız yox, təhsilimiz bərbad...”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi