İqtisadçıdan yağın qiyməti ilə bağlı proqnoz:"Ciddi bir dəyişikliyin olacağını düşünmürəm"
"Qanun sabah qüvvəyə minir deyə, həmin andan qiymətlərə təsir etməsini gözləmək doğru deyil".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, sabahdan başlayaraq, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə enməsi müşahidə olunacaqsa, bunun bazara təsirinin bir müddət çəkəcəyi gözlənilir:
“Çünki indi bazara çıxarılan məhsullar köhnə rüsumla bazara daxil olub. Ona görə də, həmin dəqiqiədən qiymətlərin aşağı düşməsinə təsir etməyəcək. Amma bir müddət sonra, əsas da, Yeni ildən sonra qiymətlərə cüzi də olsa, 50 qəpik, 1 manat civarında təsir edə bilər. Niyə Yeni ildən sonra? Çünki ölkədə hər bayramdan öncə qiymətlər qalxır. Sonradan isə qalxan qiymətin düşmədiyinin şahidi oluruq. Yəni bayramdan öncə ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Bayramlardan sonra isə məhsulun markasından və gətirildiyi ölkədən asılı olaraq cüzi dəyişiklik ola bilər”.
Qeyd edək ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib. Sabah qüvvəyə minəcək yeni qərarda da 2019-cu il dekabrın 31-dək kərə yağı və digər süddən hazırlanmış yağlara 5 faiz idxal gömrük rüsumu tətbiq edilməsi əksini tapıb.
Bu xəbər üçün şərh yazın