İsgəndər Həmidov:

İsgəndər Həmidov: “Nemət Pənahlı elə söz deyibsə, yaxşı edib"

Xəbər verdiyimiz kimi, Real TV-də tanınmış telejurnalist Mirşahin Ağayev öz müəllif proqramında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya aid olduğu iddia edilən sensassiyalı səs yazısı təqdim edib. Həmin səs yazısında sabiq daxili işlər naziri İsgəndər Həmidova qarşı söyüşlər də yer alıb.

 N.Pənahlı Modern.az-a açıqlamasında yayılan səs yazısının qurama olduğunu iddia edib:

“Onu Azərbaycan Xalq Hərəkatında İsgəndər Həmidovla dalaşdığım vaxt yazıblar. Bir onu deyə bilərəm ki, yayılan səs yazısı montajdır. Bu işdə bir qurama olub. Belə ki, İsgəndər Həmidovla Xalq Hərəkatında toqquşduq. Müxtəlif adamlar mənə zənglər etdilər. Guya mənim adamlarım kimi İsgəndərə hücum çəkmək istəyirlər. Ancaq heç bir təxribata getməmişəm. Səs yazısını Qarabağ qaziləri, “Qurtuluş” Partiyasının üzvləri yazıblar. Onların qərargahında oturmuşuq. 4 gün söhbətimiz olub. Onların təkliflərindən imtina etmişəm”.

O, İsgəndər Həmidovla heç vaxt dost münasibətində olmadığını da söyləyib:

“İsgəndər Həmidovla heç vaxt dost-qardaş mahnısı oxumamışam. O, daxili işlər naziri olarkən onunla ziddiyyətim olub. İnternet kanallarına baxsanız, görərsiz ki, tənqidi fikirlərimi İsgəndər Həmidova canlı efirdə demişəm. Onunla millət xatirinə bir araya gəlmişik, dost-qardaş münasibətlərinə görə yox. Onun da, mənim də kifayət qədər tərəfdarımız var. Aramızda olan ziddiyyəti 1992-ci ildən bütün cəmiyyət bilir. Aydındır ki, İsgəndərlə dalaşdığım vəziyyətdə onu tərif edəsi deyiləm”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov isə Nemət Pənahlının dediklərinə özünəməxsus tərzdə cavab verib:

“Nemət Pənahlı elə söz deyibsə, yaxşı edib. Nemət Pənahlıya cavab verməyəcəm. Düşünürəm ki, Nemət Pənahlı elə deməyib. Qarşıda ali məqsədim var. Onlara çatmaq istəyirəm. Bunların hamısı ona görə edilir ki, bizi hədəfdən yayındırmaq istəyirlər. Hədəfdən də yayınan deyilik. Biz bir-birimizi kifayət qədər tənqid etmişik, ancaq düşmənçilik etməmişik. Ona görə fikir vermirəm. Daha doğrusu, başımı elə xırda məsələlərə qatmaq istəmirəm. Daha böyük ali məqsədlərim var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi