İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin Azərbaycan maarifçi ədəbiyyatında yeri

İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin Azərbaycan maarifçi ədəbiyyatında yeri 

İsmayıl bəy Qutqaşınlı keçmiş Qutqaşın mahalında (indiki Qəbələ şəhərində) 27 yanvar 1806-ci ildə anadan olmuşdur.

Qurban bayramında dünyaya gəldiyinə görə ona İsmayıl adını qoyublar. İsmayıl bəy Qutqaşinlının Azərbaycan ədəbiyyatında böyük bir maarifçi kimi xidmətləri danılmazdır. O, ədəbiyyatımıza müasir nəsri və hekayə janrını gətirən şəxsiyyətdir. İsmayıl bəy Qutqaşınlı Mirzə Fətəli Axundzadə, Qasim bəy Zakir, Abbasqulu ağa Bakixanov kimi ədiblərimiz ilə dost olmuşdur. İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada fransız dilində nəşr olunan «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Salman Mümtazın bu hekayənin üzə çıxarılmasında çox böyük xidmətləri olmuşdur. Hekayə ədibin maarifçi fikirlərini özündə əks etdirir. Hekayədə hadisələr müəllif tərəfindən nəql olunur. İsmayıl bəy Qutqaşınlı hekayəsini çatışmayan heç bir cəhəti olmayan gözəl Səadət xanımın bir sevgili arzusunda olmasının, sevgisiz həyatın bədbəxtlik və qəm-qüssədən ibarət olduğunu düşünməsinin təsviri ilə başlayır. Səadət xanımın darıxanda pənah gətirdiyi, səhərlər qəm-qüssədən uzaqlaşmaq üçün getdiyi ətirli qızılgüllərlə əhatələnmiş, ortasında fəvvarə vuran hovuzunda olduğu gözəl bir bağ var idi. Səadət xanım Rəşid bəyin səsini ilk dəfə məhz bu bağda eşidib, könlü həyəcana gəlmiş, bütün hissiyyatı alovlanmışdı. Hekayədə köməkçi surətlərdən olan Səadətin mehriban dayəsi Şamah Səadətə olan məhəbbətinə, sevgisinə görə Səadətin anası Tutu xanımdan geri qalmırdı. Şamah Səadətin ana mehribanlığı ilə qayğısına qalırdı. Hekayənin digər bir köməkçi surətlərdən biri də Rəşid bəydən heç bir zaman ayrılmayan Əziz adlı nökər idi. Hər iki obraz öz sədaqəti və vəfası ilə oxucunun diqqətini cəlb edir. 


«Rəşid bəy və Səadət xanım» hekayəsinin baş qəhrəmanı olan Rəşid bəy əsərdə iyirmi iki yaşına girmiş, İsmayıl adlı bir bəyin oğlu kimi təsvir olunur. Rəşid bəy alicənablığı, nəzakəti, səliqəsi, tərbiyəsi, nəcibliyi, qəlbinin həssaslığı, cəsarəti, mərdliyi ilə insanlar arasında özünə hörmət qazana bilmişdi. Rəşid bəy «Şahnamə»ni və başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı, at sürməyi, tüfəng, tapança atmağı, silah oynatmağı çox sevirdi. Rəşid bəyin iki arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsində Rəşid bəyin igidliyini belə təsvir edir: “On səkkiz yaşından başlayaraq, Rəşid bəy vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılaraq, vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlar ilə çarpışmaqda keçirirdi.

Bəzən məhsuldar, dağ ətəklərində ov edərək, atını sürüb daima qar və buludlarla örtülmüş dağların başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşırdı; oralarda quldurların ən gizli yuvalarını axtarıb tapır və onların əziyyətindən əkinçiləri xilas etmək üçün vuruşub yuvalarını tarmar edərdi”.



«Rəşid bəy və Səadət xanım» hekayəsində Rəşid bəyin evlənmək eşqinə düşməsinə bir hadisə səbəb olur. Rəşid bəy Əziz adlı nökərilə söhbət edərkən qulağına zəif bir qışqırıq, həzin bir nalə səsi gəldi. O, quş kimi uçaraq bu səs gələn tərəfə yüyürdü. Bir cavan oğlanı bir neçə quldurun əlində əsir gördü. Quldurlar o cavanı başqa quldurlara satmaq niyyətilə aparırdılar. Qoçaq Rəşid bəy atını Əzizə tapşıraraq, xəncərini sıyırıb quldurların üzərinə atıldı. Onlardan ikisini xəncərlə vurub öldürdü, başqaları isə əsir oğlanı buraxıb meşəyə qaçdılar. Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsindən xilas olmadı. Vuruşma qurtardıqdan sonra rəhmdil Rəşid bəy tələsik cavan oğlanın köməyinə yüyürdü; cavan yaralanmışdı. Yarasını qurşağı ilə sarıyıb, yaxın bir evə gətirmək üçün onu Əzizin atına mindirdi. Bir kəndə yetişər-yetişməz, onları bir dəstə qadın ağlaşma ilə qarşıladı. Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidliyi onlara söylədi. Rəşid bəy bir neçə saat əvvəl quldurların əlində əsir olmuş Mərdanı xilas etmişdi. Gənc Mərdanın anası, arvadı və bacıları qollarını açıb Rəşid bəyin ayağına yıxıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plov üçün düyü hazırladı və Rəşid bəyə bir tafta qurşaq bağışlayıb ona «qardaş» dedi. Rəşid bəy evin daxili həyatını, bu gənc ər-arvad arasında olan nəzakət və zərif mehribançılığı görüb, evlənib ailə sahibi olmaq fikrinə düşür. Mərdanın arvadındakı nəzakət və ərinə olan mehribanlıq hissi Rəşid bəyə müsbət cəhətdən çox təsir edir. O, özünün yalqız olduğunu hiss edib, onu ürəkdən sevən, yorğun və təhlükəli zamanlarda ona təsəlli verə biləcək bir həyat yoldaşının olmasını istəyir. Rəşid bəy bu niyyətini


Əzizə deyir. Əziz Rəşid bəyə uşaqlıqdan ata-anası tərəfindən ona deyikli olan gözəl əmisi qızı ilə evlənməyi məsləhət edir. Rəşid bəy gözəl əmisi qızı ilə evlənib, onu təxtisəltənətdən məhrum etmək istəmir. Buna görə də əmisi qızı ilə evlənmək fikrini bəyənmir. Əziz ona qonşu bəylərindən birinin böyük sərvətinin və yeganə bir qızının və həmin qızında Rəşid bəyə ərə getməyi arzu etdiyini söyləyir. Lakin bu şərt ilə ki, Rəşid bəy ata-anasını və rəiyyətini atıb onların evində yaşamağı qəbul etsin. Rəşid bəy tanımadığı, bilmədiyi bir qızdan ötrü canından əziz tutduğu və pərəstiş etdiyi mehriban atasını, gözəl vətənini və vəfalı rəiyyətlərini atıb, qonşu bəyə xidmət edə bilməyəcəyini söyləyir. Əziz Rəşid bəyin ağlına birdaha şahid olandan sonra Səadət xanım adlı qəşəng və gözəl bir qızın sorağını eşitdiyini deyir. Səadət xanımın bir o qədər sərvətli olmadığını, ancaq gözəlliyi və rəhmdilliyilə şöhrət tapdığını, Qəbələ xanlarının nəslindən olduğunu, öz anası ilə bərabər yaşadığını söyləyir. Rəşid bəy Səadət xanımın sorağın alan kimi üzünü Qəbələ tərəfə çevirib Səadətə qovuşmağa can atır. Rəşid bəy Tutu xanımın qızı Səadətin gözəlliyindən, həya və ismətindən, xasiyyətindən qoca qarılar vasitəsilə məlumat toplayır. Onların gətirdikləri məlumatlar Rəşid bəyin sevgisini daha da alovlandırırdı. Rəşid bəy verilən məlumatları yoxlamaq üçün Səadəti öz gözü ilə görmək niyyətində idi. Lakin müsəlmanların evlənənə qədər, gələcəkdə onların həyat yoldaşları olacaq qadınları görməkləri qadağan olduğu üçün Rəşid bəy bir bağban paltarı geyib Səadətin hər gün gəlib gəzdiyi qonşu bağa bağban oldu. Yüksək bir hasar o iki bağı bir-birindən ayırırdısa da, Rəşid bəyə Səadətin nəğmələrini dinləməyə mane olmurdu. Rəşid bəyin atası Səadəti anasından istəmək üçün Qəbələ şəhərinə elçilər göndərdi. Elçilər rədd cavab xəbəri gətirdilər. Səadətin anası öz qızını o yerin varlı bir xanına vermək niyyətində imiş. Bu xəbər Rəşid bəydə və onun atasında çox böyük kədər doğurur. Tutu xanımın sərvəti və rütbəni Rəşid bəyin alicənablığından üstün tutması Rəşid bəy və atası üçün böyük bir təhqir idi. O, oğluna bir daha o qızın adını çəkməsini qəti qadağan etdi. Lakin Rəşiddə eşqin hücumuna müqavimət göstərmək imkanı qalmadığından gizlincə Qəbələyə qayıtdı.


İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsində Səadət xanımın xarakterindəki mərhəmətlilik hissini yoxsul və dilənçilərə qarşı olan münasibətində göstərir. Səadət xanım yoxsullara çoxlu ehsan verərdi. Onun yanına dilənçilərdən başqa kimsənin yolu yox idi. Ona görə Rəşid bəy Səadət xanımın yanına bir yol tapıb eşqini ona bildirmək üçün dilənçi paltarı geyinib, sədəqə almaq üçün Səadətin yanına gəlir. Rəşid bəy Səadət xanımı ilk dəfə bağda görmüşdü, lakin Səadət xanım onu şəhərdə bir bayram büsatında, cavanlar tüfəng, tapança, ox atmaq və qılınc oynatmaq məharətlərini göstərəndə görmüşdü. Səadət Rəşid bəyi at belində görüb, onun igidliyinə və gözəlliyinə vurulur. Lakin o, çarəsiz idi. Çox yaxın bir zamanda öz nəcabəti və sərvətilə Tutu xanımın razılığını alan Əsgərağanın arvadı olacaqdı. Səadət xanım ondan yaşca çox kiçik olan bir uşağa ərə getməkdən narazı olsa da əlindən heç nə gəlmirdi. Şamah Tutu xanıma Səadətin Kazımxanın azyaşlı oğluna ərə getmək istəmədiyini desə də Tutu xanım Əsgərağanın əmisinin onun üçün gətirdiyi qiymətli paltarları, çox böyük cehizi, yataq otağının avadanlıqlarını, qızıl və gümüşləri tükənməz bir səadət, tərifəgəlməz bir qadın xoşbəxtliyi hesab edirdi. Səadət isə onun həyatı barəsində başqalarının qərar verməsinə icazə verməyib, bütün qadağalara və təhlükələrə baxmayaraq, Rəşid bəyin sevgisini seçir. Səadət Rəşid bəyin onunla qaçmaq təklifini qəbul edib, Şamah ilə vidalaşıb, Rəşid bəylə gedir.


İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsini fransız dilində yazdığına görə, o, hekayədə qərb oxucunuda diqqətdən kənar qoymur. Müəllif çox yaxşı anlayırdı ki, Şərq adət-ənənələri ilə tanış olmayan bir oxucuya Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyanı tərk etməyə hazır olması, özünü bağban və dilənçi surətinə salması və nəhayət, ikinci dəfə görüşdükdə onu qaçırması uydurma və imkandan xaric bir şey kimi görünəcəkdir. Buna görə də İsmayıl bəy Qutqaşınlı Rəşid bəyin hərəkətlərinə haqq qazandıraraq, qərbli oxucuya müraciətlə yazır: “Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz. Şərq ölkələrində bir qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların səsində nə qədər lətafət olduğunu və onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz!

Bu halları anlamaq və hiss etmək üçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə həyat sürmək lazımdır”.


Bundan sonra İsmayıl bəy Qutqaşınlı hekayəni oxuyub, gənc Səadətin ata-anasının əmrindən boyun qaçırıb bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin uzaqdan tərifini eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəccüblənən və Səadətin bu davranışını heç cür anlaya bilməyən qərbli xanımlara müraciət edir: “Siz Şərq aləmindən bixəbərsiniz. Sizə xoş görünməyə var

qüvvəsilə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafınızı bürüməkdədirlər. Onlar sizin külək vurmuş rübəndləriniz kimi ətrafınızda qalxıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz. Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə, öz ata və qardaşlanndan başqa heç kəsi görmür. Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sığmaz. Ah! Əgər siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız, o zaman Səadətin bizim qəhrəmana qoşulub qaçmasını, ümidvaram ki, anlayarsınız”.

Səfər zamanı Rəşid bəy xəbər alır ki, Kazımxan Rəşid bəy və Səadət xanımın arxasınca silahlı dəstə göndərib. İşi belə görən Rəşid bəy Səadət xanım və Əziz ilə bərabər qalın meşəli bir dağa tərəf getməyə məcbur olur. Onlar meşəyə yeni girmişdilər ki, birdən-birə hava dəyişilir, göydə gurultu-nərilti qopur, yağış şırhaşır tökülməyə başlayır, şimşəklər çaxır, ildırımlar şaqqıldayır. Bu çətinliklərin heç biri Səadətin və Rəşid bəyin sevgisini zərrə qədər də olsa azalda bilmir. Bir müddət sonra göy təmizləndi, hava açıldı, günəşin isti şüaları Səadətin göz yaşlarını qurutmaq üçün parladı. Rəşid havanın dəyişməsindən çox şad olub harada olduqlarını düşünməklə və bir yol izi axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə bir ceyran sataşdı, vurmaq istədi, birdən bir güllə səsi eşitdi, ceyran yıxıldı, bir ovçu ağacın dalından çıxıb ceyrana tərəf yüyürdü. Rəşid yol sorağı üçün ovçuya yaxınlaşdı. Böyük bir sevinclə Rəşid Tikanlı kəndinin kəndxudası Mərdanı tanıdı! Mərdan da, bir vaxt onu quldurların əlindən xilas edən Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yaladı və onun hər bir xidmətinə can-başla hazır olduğunu söylədi. Onlar atlarına minib Mərdanın kəndinə yola düşdülər. Vəfalı Mərdan elə bir ehtiyat göstərdi ki, kənddə heç kəs bu əziz qonaqların gəlməsini bilmədi. Arvadı canla-başla qonaqlara xidmət edirdi. Əziz atları yaxşıca rahatladı və onları, gəldiklərindən də uzun bir səfərə hazırladı. Rəşid bir neçə saat istirahət etdikdən sonra Səadətin yanına gəlib iki günlüyə evə getmək niyyətində olduğunu ona xəbər verdi. Evə getməkdə məqsədi atasından icazə alıb Səadəti onun evinə gətirmək olduğunu söylədi. Səadət xanım mehriban dayəsi Şamah üçün çox darıxırdı və onu görməyi çox arzulayırdı. Şamah isə Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra, ağalarının gözünə görünməkdən qorxub, xəlvət şəhərdən çıxdı və ailəsi yaşayan Tikanlı kəndinə getdi.


Sübh tezdən Tutu xanım Səadətin və dayəsinin evdə olmadıqlarından təşvişə düşüb, şəhərdə yaşayan bütün qohumlarına adam göndərdi ki, bəlkə Səadət onların evinə getmiş ola. Səadəti heç bir yerdə tapa bilmədilər. Tutu xanımın bütün təşəbbüsləri nəticəsiz qaldıqda qorxusu daha da artdı. Günorta vaxtı Rəşid bəyin gecə ağaca bağladığı şəxs Tutu xanıma qızının igid Rəşid bəy ilə qaçdığını xəbər verdi. Tutu xanım bu əhvalatdan məyus olsa da, bir az təskinlik tapdı, çünki Rəşid bəyin tərifini o, hər yerdə eşitmişdi və bilirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər. Əsgərağanın atası Kazımxan bütün qoşunun toplayıb, sübh tezdən İsmayıl bəyin mülk və mahalının sərhədinə yeridi.


Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi gözləyirdi. Atası onu bağışlamışdı və düşmənə qarşı göndərdiyi əsgəri qüvvənin sərkərdəliyini də ona tapşırmışdı. Rəşid bəy qoşunun bir hissəsilə Kazımxana yaxın yerdə gözəl bir səngər tutmuşdu. Lakin Rəşid bəy öz xəyalında Kazımxana qan tökməmiş qələbə çalmaq üçün bir yol axtarırdı. Birdən onun başına bir fikir gəldi və tez bu fikri həyata keçirməyə qərar verdi. Rəşid bəy yerindən qalxıb ən igid nökərlərindən dörd nəfərini seçdi və özü ilə bərabər getmələrinə əmr verdi. Gün batar-batmaz onlar kimsəsiz bir cığır ilə Ərəş şəhəri tərəfə yola düşdülər. Rəşid bəy Əsgərağanı qaçırdıb, Kazımxana bir sülh təklifi yazıb məktubu Hacı İbrahimlə göndərdi. Ata bircə oğlunun qaçırılmasını eşidib, sülh təklifini qəbul edir. Rəşid bəy Səadət xanımı ata yurduna gətirib, çox şad ömür keçirdirlər. İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsi xeyirin qələbəsi və xoşbəxt sonluqla bitir. Əsərin qəhrəmanları bir çox çətinliklərə məruz qalsalar da onlar heç bir zaman məyus olmurlar və bu çətinliklərdən çıxış yolunu tapırlar.

Atakişiyeva Həcər

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi