İsmayıllıda sahibkarlar narahatdır

İsmayıllıda sahibkarlar narahatdır – İcra başçısı yeni münaqişəyə təhrik olunur?

“İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov sahibkar Vidadi İsgəndərovun saytlarda ona qarşı təzyiqindən çəkinərək rayonda fəaliyyət göstərən 2 ticarət bazarını “Yaşıl Market” adlanan yeni tikiliyə köçürmək istəyir”.

Bu fikirlər Faktinfo.az-ın elektron poçtuna İsmayıllı  rayon bazarlarında çalışan bir qrup sahibkarın göndərdiyi məktubdandır.

“Yaşıl Market” kimi tanınan bazarın sahibi Vidadi İsgəndərovun Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova qarşı bir neçə saytda video müraciətindən  xəbər tutan sahibkarlar hesab edirlər ki, kasıbçılıqlarını etdikləri hər 2 bazarın “Yaşıl Market” deyilən əraziyə köçürülməsi  rayonda yeni bir qarşıdurma ilə nəticələnə bilər.

Faktinfo.az İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla əlaqə saxlayaraq, ona qarşı irəli sürülən  ittihamlara münasibət öyrənib: “Mən heç kimə deməmişəm ki, gedin yeni bazar tikin, bazarları ora köçürdəcəm. “Yaşıl Market Kompleksi” tikilməli idi, orada bazar tikilib. Səhv etmirəmsə, həmin kompleks kənd təsərrüfatı məhsullarının elektron ticarətinin təşkilini nəzərdə tutub, sifarişli satış təşkil etməli idi. O ki qaldı, mənim rayonda mövcud olan 2 bazarı ora köçürtdürəcəyimə dair yayılan fikirlərə, deyə bilərəm ki, rayonda olan bazarlar şəxsi obyektlərdir. Mən heç kimə təzyiq edib, bazarını bağla, deyə bilmərəm. Sahibkarların, satıcıların “Yaşıl Market Kompleksi”nə köçürülməsinə təzyiq edə, kütləvi narazılıq yaranmasına rəvac verə bilmərəm. Ümumiyyətlə, bazarları sökmək, bağlamaq hüququna malik deyiləm.Belə etsəm,  məndən  narazı  bir yox, yüzlərlə şəxs ola bilər. Mən rayona rəhbər  təyin olunmamışam ki, bazarlara müdaxilə edib, kütləvi narazılıq yaradım. RİH-nin başçısı kimi, bir müddət əvvəl bazarlardakı antisanitariya şəraiti barədə aidiyyatı qurumlara yazılı müraciət etmişəm.Habelə, elektrik naqillərində yarana biləcək qısa qapanmadan yanğın təhlükəsinə  dair FHN-ə məlumat verilib, hər iki bazarın rəhbəri xəbərdar olunub. Bundan artıq nəsə danışmaq istəmirəm”.

 Faktinfo.az olaraq  bildiririk  ki, sahibkar Vidadi İsgəndərovun KİV-lərdə yayımlanan video -müraciətləri müəyyən suallar doğurur. Məsələn, sahibkar iddia edir ki, Mirdamət Sadıqov Rayon İcra Hakimiyyətinin başçısı kimi narazılıq yaradır. Yəni, onun fəaliyyəti rayon əhalisini narazı salır,buna görə də ölkə rəhbərliyinə kütləvi şəkildə şikayət məktubları ünvanlanır.Reallıq isə bu deyilənləri inkar edir. Belə ki, heç kimə sirr deyil ki, Prezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsi tərəfindən ildə iki dəfə rayonlardan olunan şikayətlər barədə ictimaiyyətə açıqlama verilir. KİV-lərin də dərc etdiyi bu məlumatlardan bəlli olur ki, hansı rayonlardan şikayətlər çoxdur, olunan şikayətlər qrup və ya fərdi qaydada neçə faizdir,hansı sahələri əhatə edir. Bu siyahıdan aydın görünür ki, İsmayıllı rayonundan şikayət demək olar yox səviyyəsindədir.Rayonun adı siyahıda çəkilmir. Yəni bu rayonda vətəndaş-məmur münasibətləri müsbət istiqamətdə tənzimlənir. Bu isə onu göstərir ki, Vidadi İsgəndərovun “ismayıllılar Mirdamət Sadıqovdan narazıdır” fikri həqiqətdən çox-çox uzaqdır.

İndi isə təkrar qayıdaq bazar söhbətinə. Sahibkar yaydığı məlumatlarda bildirir ki, İsmayıllıdakı  hər 2 bazar “Yaşıl Market Kompleksi”nə köçürülməli idi. Hətta, V.İsgəndərov  sahibkarlardan birinci 6 ay yer pulu almayacağına, bundan sonrakı aylarda isə yer pulunun köhnə bazarlarda mövcud olan qiymətlərdən aşağı olacağını da bildirir. Belə olan halda haqlı bir sual yaranır: Sahibkarlar 6 ay pulsuz və sonrakı aylarda isə aylıq icarəsinə görə çox aşağı vəsait ödəniləcəyi təklif olunan “Yaşıl Market”ə niyə üz tutmurlar? Məgər onların qarşısını Mirdamət Sadıqov kəsir?

Fakt elə bir təkzibedilməz dəlildir ki, mümkün olsa ,onu ancaq ilkin mərhələdə inkar və ya təhrif etmək olur. Axı, kimi aldatmaq istəyirik? Söhbət ismayıllılardan gedirsə, onlar bir həmlə ilə onlara sərf etmədiyi səbəbindən keçmiş icra başçısı Nizami Ələkbərovun vəzifədən uzaqlaşdırılmasına nail oldular. Hərçənd, onlar “Yaşıl Market”ə getmək istəsələr qarşılarını da Mirdamət Sadıqov alası deyil. Demək ki, hələlik onlar getmək istəmirlər,ona görə də  icra başçısının sahibkarları “Yaşıl Market”ə göndərməsi üçün məcburiyyətə vadar edilməsi yolverilməz  sayılmalıdır. Çünki, məntiq də təsdiq edir ki, Vidadi İsgəndərovun istəyinin qəbul etdirilməsi mümkün olarsa, onda köhnə 2 bazarın rəhbərliyinin narazı salınması qaçılmaz olar. Belə ki, ümumilikdə hər 2 bazardan çıxarılacaq 770-dən çox sahibkarı 400 yerlik “Yaşıl Market”də yerləşdirmək mümkünsüzdür. Bu prossesin özü narazılıqsız ötüşməz. İkincisi isə, belə bir köçürməyə məcburiyyətin özü İcra başçısı üçün yolverilməz sayılır, çünki bu hal sahibkarların ondan kütləvi şikayət etməsilə nəticələnər. Bunu isə ağlı başında olan heç bir ziyalı etməz.

Belə olan halda M.Sadıqov haqqında mənfi emosiya yaratmaq, onu video- müraciətlərlə tənqid etmək, bununla da məsələni hakimiyyətin yuxarı eşalonuna çatdırmaq cəhdləri yersiz və inandırıcılıqdan çox-çox uzaqdır. Çünki, artıq fərdi hadisə və fikirlər ümumiləşdirilərkən, təhlili nəticəsinə dair məsələlər hakimiyyət dairələrində nəzərə alınanda, bir məsələyə xüsusi diqqət yetirilir. Çıxarılan müsbət-obyektiv nəticələrdə üstünlük geniş xarakter daşıyan məsələlərə yönləndirilir ki, kütləvi narazılıq yaranmasın. Bunları isə Mirdamət Sadıqov bilməmiş deyil, görünür bu səbəbdən də narazı sahibkarın “ultimatum”larına  səbrli davranır.

Fuad İsgəndərov

Faktinfo.az saytının baş redaktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər