
İsrail Nazirlər Kabineti “erməni soyqırımı”nın rəsmi olaraq tanınması təklifini yekdilliklə təsdiqləyib
İsrail hökuməti “erməni soyqırımı”nı rəsmi şəkildə tanımasına dair təklifi yekdilliklə təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.
Məlumata görə, hökumətin təsdiqlədiyi qərar növbəti mərhələdə müzakirə və təsdiq üçün Knessetə təqdim olunacaq.
Sənəddə qeyd edilir ki, İsrail Osmanlı İmperiyasının son illərində ermənilərə qarşı törədilmiş hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyır və tarixi həqiqətin inkarı, kiçildilməsi və ya təhrif edilməsi cəhdlərini pisləyir.
İsrailin xarici işlər naziri Gideon Saar qərarı şərh edərək bildirib: “Düzgün işi görmək üçün heç vaxt gec deyil”.
Təklifin mətnində, həmçinin bildirilir ki, geniş tarixi sənədlərə baxmayaraq, “erməni soyqırımı” uzun illərdir, xüsusilə Türkiyə tərəfindən həyata keçirildiyi iddia olunan inkar və kiçiltmə kampaniyasının mövzusu olaraq qalır.
"Haaretz"in yazdığına görə, İsrail Xarici İşlər Nazirliyinin hüquq müşaviri Tamar Kaplan-Turgeman hökumət üzvlərinə təqdim etdiyi hüquqi rəydə qərarın qəbulundan sonra Knessetin rəsmi şəkildə məlumatlandırılacağını və məsələnin parlamentin plenar iclasında səsverməyə çıxarılması istiqamətində addımlar atılacağını qeyd edib.
Qəzetin məlumatına əsasən, İsrail Xarici İşlər Nazirliyi bildirir ki, hazırda 32 ölkə “erməni soyqırımı”nı müxtəlif formalarda tanıyıb.
Qeyd edək ki, sözügedən qərarın qüvvəyə minməsi üçün onun Knesset tərəfindən də təsdiqlənməsi tələb olunur.












Bu xəbər üçün şərh yazın