İstanbulda yeni hava limanı açıldı –Mərasimdə Azərbaycanı Oqtay Əsədov təmsil edib
Oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü günündə İstanbulda yeni inşa olunmuş hava limanının açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Açılış mərasimində Pakistan Prezidenti Arif Alvi, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Albaniya Prezidenti İlir Meta, Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Moldova Prezidenti İqor Dodon və başqaları iştirak ediblər.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım çıxış ediblər.
Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə türk xalqını təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə həyata keçirilən iqtisadi layihələrdən danışıb. Dövlət başçısı qeyd edib ki, Türkiyə tarixdə ən sürətli inkişaf mərhələsini yaşayır. Atatürk Hava Limanı bundan sonra da aeroport kimi fəaliyyətini davam etdirəcək, lakin onun köməkçi təsərrüfatlarının ərazisində park salınacaq. Prezident vurğulayıb ki, bu, sadəcə hava limanı deyil, böyük bir xalqın zəfər abidəsidir.
TBMM-in sədri Binəli Yıldırım yeni hava limanının ərsəyə gəlməsini Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan milli-azadlıq mübarizəsinin quruculuq işləri ilə davam etdirilməsi kimi dəyərləndirib. O qeyd edib ki, bu möhtəşəm hava limanı Türkiyə xalqının böyük mədəniyyətinin göstəricisidir.
Türkiyənin nəqliyyat və kommunikasiya naziri Cahit Turan və “Çengiz İnşaat” şirkətinin sahibi Çengiz Yılmaz İstanbul aeroportunun texniki göstəriciləri və imkanlarından bəhs ediblər. Bildiriblər ki, dünyanın ən böyük və ən müasir bu hava limanında sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün texniki imkanlar tətbiq olunub.
Yeni hava limanından ilk daxili uçuş Ankaraya, xarici uçuş isə Şimali Kiprə və Azərbaycana həyata keçiriləcək.
Qeyd edək ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə yatırılıb. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.
İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.
Açılış mərasimində geniş bədii proqram təqdim olunub.
“Türk ulduzları” aeroport üzərində möhtəşəm uçuşlar nümayiş etdiriblər/Azərtac.
Bu xəbər üçün şərh yazın