İtaliyanın Florensiya Universitetinin dekanı ADAU-da bir neçə mühazirə söyləyib
Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) maddi-texniki bazanın müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi İtaliyanın müvafiq ali təhsil müəssisələri üçün də universitetin cəlbedicilyini artırmışdır.
Faktinfo.az xəbər verir ki,bunun nəticəsidir ki, qeyd olunan ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Florensiya Universitetinin kənd təsərrüfatı fakültəsinin dekanı, professor Fransesko Ferrini ADAU-ya səfər edib. Səfəri çərçivəsində o, ADAU-nun aqronomluq fakültəsində ekoloji problemlər, bitkilərin stres amillərə davamlılığı, tingçiliyin texnologiyası barədə mühazirələr söyləyib. Mühazirələrdə universitetin alimləri, tədqiqatçıları, doktorantları, magistrantları iştirak ediblər.
Universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildirən İtaliyalı alim gələcəkdə müəllimlərin və tələbələrin mübadiləsinə, kənd təsərrüfatının aktual problemlərinə, o cümlədən üzümçülük və şərabçılığa dair birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə böyük önəm verdiyini, bu sahədə ADAU-da lazımi bazanın mövcud olduğunu vurğulayıb.
Qeyd edək ki, Florensiya Univeristetində bakalavriat və magistratura səviyyələrində 126 proqram üzrə kadr hazırlığı aparılır. Burada tələbələrin sayı 51 min, professor-müəllim heyəti 1800, texniki və inzibati heyət 1600, doktorant və dissertantlar 1600 nəfərdir.
Bu xəbər üçün şərh yazın