Jurnalist: Cəmiyyətə nə əkmisinizsə, o da çıxıb

Jurnalist: Cəmiyyətə nə əkmisinizsə, o da çıxıb 

Hərbi jurnalist Səxavət Məmməd jurnalistlərin döyülməsi və cəmiyyətdə jurnalist peşəsinə münasibətlə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, Səxavət Məmməd jurnalistlərin döyülməsini pislədiyini bildirsə də, cəmiyyətdə jurnalistlərə qarşı formalaşan mənfi münasibətin səbəblərinə də diqqət çəkib.

O qeyd edib ki, ölkədə jurnalistlərdən daha çox təzyiqə, təhqirə və zorakılığa məruz qalan insanlar var.

Bununla yanaşı, bəzi şəxslərin jurnalistlərin döyülməsi hadisəsinə təəccüblə yanaşmasını tənqid edib.

Jurnalist vurğulayıb ki, vaxtilə jurnalistləri bilərəkdən döydürən, onların qanı və görüntüləri üzərindən reytinq qazanan şəxslər də bu gün baş verənlərə münasibət bildirirlər.

Səxavət Məmməd cəmiyyətdə jurnalistlər haqqında formalaşan mənfi stereotiplərin səbəblərindən danışarkən bildirib ki, jurnalistlər uzun müddətdir trol, yaltaq, reket və dilənçi kimi təqdim olunur.

Onun sözlərinə görə, pul, medal, fəxri ad və müxtəlif tədbirlər ətrafında baş verən mübahisələr də bu münasibətin formalaşmasına təsir göstərir.

Hərbi jurnalist Aprel döyüşlərindən sonra yaşadığı bir hadisəni də xatırladıb.

O bildirib ki, bir çayxanada işləyərkən masasına gələn çayların pulunun ödənildiyini öyrənib. Çayçı əvvəlcə pulu kimin verdiyini açıqlamaq istəməsə də, sonradan yaxınlıqdakı aptekin sahibinin ödəniş etdiyi məlum olub.

Səxavət Məmmədin sözlərinə görə, aptek sahibi bunu rayona gələn jurnalistlərin obyektlərə baş çəkərək pul istəməsi ilə əlaqələndirib və belə hallarla dəfələrlə qarşılaşdığını deyib.

Jurnalist bu hadisəni misal çəkərək cəmiyyətdə jurnalist peşəsinə qarşı yaranan münasibətin səbəblərinin daha dərindən araşdırılmalı olduğunu vurğulayıb.

Səxavət Məmməd fikirlərini belə yekunlaşdırıb: “Cəmiyyətə nə əkmisinizsə, o da çıxıb”.

Elmar

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪