Kamal Kılıçdaroğlu birinci turda topladığı 44,88 faiz səsi,ikinci turda toplamaya da bilər -SƏBƏBLƏR
Xəbər verdiyimiz kimi, dünya mətbuatı Ankaradakı prosesləri diqqətlə izləyir, bu gün (28 may-red) Türkiyədə kimin prezident seçiləcəyinə önəm verir.
Faktinfo.az saytı olaraq 8 mayda iri həcimli təhlili məqalədə 14 mayda baş tutacaq prezident və TBMM-nə seçkilərdə "Cümhur İttifaqı"nın qələbə qazanacağı ehtimalının yüksək olduğunu 7 başlıca faktor üzərindən əsaslandırmışdıq. Baxmayaraq,Türkiyədə əksər anket şirkətləri AKP-nin TBMM-də azlıqda qalacağını,Ərdoğanın isə böyük fərqlə prezident seçkilərini Klıçdaroğluna uduzacağını proqnozlaşdırmışdılar.
Biz isə sayt olaraq Türkiyədə anket sorğuları həyata keçirən şirkətlərin açıqladığı rəqəmlərin bir o qədər inandırıcı olmadığını,seçici və cəmiyyət üzərində pisxoloji üstünlüyü əldə saxlamaq üçün nəzərdə tutulduğunu vurğulamışdıq.Hətta "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun 44-45 faiz aralığında səs toplayacağı ehtimalının daha yüksək göründüyünü yazmışdıq.O,isə 44,88 faiz səs topladı.Məlum məqaləyə bu LİNK üzərindən keçid verilə bilər.
Qaldı bu gün 28 mayda Türkiyədə keçirilən prezident seçkilərində kimin qalib gəlməsi məsələsinə,burada mübahisələndiriləcək məsələ Ərdoğanın qalib gəlməsi deyil,onun neçə faizlə qalib gələcəyidir. Yəni artıq Türkiyə cəmiyyətində CHP sədri, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlunun uduzacağı heç kimdə şübhə doğurmur.
O ki qaldı digər önəmli məsələ, seçkinin ikinci turuna 3 gün qalmış “ORC Strateji Araşdırmalar” Müstəqil Araşdırma Təşkilatının keçirdiyi rəy sorğusuna.Burada da məlum şirkətin keçirtdiyi rəy sorğusunun nəticəsinə görə,48,1 faiz ikinci turda Kamal Kılıçdaroğluna, 46,7 faiz seçici isə Rəcəb Tayyib Ərdoğana səs verəcəyini bəyan edib.
Faktinfo.az bildirir ki,Kamal Kılıçdaroğlu nəinki 48,1 faiz,ola bilsin birinci turda topladığı 44,88 faiz səsi ikinci turda toplaya bilməsin.
Bunu aşağıdakı önəmli olan 4 faktor üzərindən izah ETMƏK OLAR:
1.Bildiyiniz kimi 3 gün qalmış Məhərrəm İncə prezident seçkisində iştirakını dayandırdı.Kaset şantajına dözə bilməyən prezidentliyə namizəd Məhərrəm İncənin bu addımı atması onu dəstəkləyən seçiciləri məyus etdi,onlarda "məçhul kaset şantajçıları"na qarşı ikrah hissi yaratdı,bununla belə,İncəni dəstəkləyən seçicilərin "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğluna səs verməsinə də səbəb oldu.Seçkidən sonra isə polisin həyata keçirdiyi tədbirlər,İncəyə qarşı "əməldə" iştirakına görə saxlanılan şəxslərin kimliyi üzərindən diqqəti CHP-yə yönəltdi.Bir sıra mülahizələr isə "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun nüfuzuna xələl gətirdi.Hazırda İncə sevdalıları 2-2,5 faizlik səslərini Kamal Kılıçdaroğluna verməyə bilər.Eləcə də, bu hadisənin digər seçmən təbəqəsinə sirayət etməsi səbəbindən faiz nisbəti yüksələ də bilər.
2. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun zəlzələdən əziyyət çəkənlərə evləri pulsuz verəcəyini söyləməsinin bir anlamı qalmadı.Belə ki,zəlzələ bölgəsində seçki nəticələrinə görə,təbiət hadisəsindən əziyyət çəkənlərin Təkirdağ Böyükşəhər Bələdiyyəsinin nəzarətində olan oteldən çıxardılmasını əks etdirən videonun yayılması Türkiyədə böyük əks-səda doğurdu.Zəlzələdən əziyyət çəkənlərin oteldən çıxardılmasını əks etdirən videonun yayılmasından sonra, sosial şəbəkələrdə minlərlə şəxs hadisəyə mənfi yanaşdı.Təmənnalı yanaşma siyasəti bir başa Kamal Kılıçdaroğlun əleyhinə işlədi.Görünən odur ki,zəlzələ bölgəsində seçkinin birinci turunda CHP sədrinə səs verən müəyyən faiz seçicilər,seçkinin ikinci turunda Kılıçdaroğlunu dəstəkləməməyə də bilərlər.
3.Türkiyədə 14 may prezident seçkilərinin ikinci tura qalması və "Millət İttifaqı"nın namizədinin rəqibindən 2,5 milyondan az səs toplaması Kamal Kılıçdaroğluna qarşı inamsızlıq hissini biraz da gücləndirdi. "Gəlir gəlməkdə olan,Ərdoğanı 60 faiz səs çoxluğu ilə məğlub edəcəm " və digər bu kimi fikirlər lağ obyektinə çevrildi.Hətta 14 may seçki günü səslərin sayılmasını gözləmədən Kılıçdaroğlunun 52 faiz səs toplamasının bəyan edilməsi kimi qeyri ciddi yanaşma tərzi, seçicidə xəyal qrıqlığı yaratdı.Geniş müzakirələrə yol açan bu kimi hallara görə, "Millət İttifaqı" təmsilçiləri anladılar ki,HDP seçməni artıq seçkinin taleyini həll edən seçmən deyilmiş.Bu mənada PKK-nın siyasi uzantısı hesab edilən HDP-nin "Millət İttifaqı" na yaxın buraxılması və ya onlarla yan-yana durulması siyasi səhv imiş.
Eləcə də ittifaqda təmsil olan partiyaların düzgün seçilməməsi,1/100(yüzdə bir) səsi olmayan Dəva,Gələcək,Səadət,Demokrat kimi partiyalara TBMM-ə seçilmək üçün CHP listəsindən 40-a yaxın yer verilməsi əbəs imiş,bu yanlışlıq CHP və İYİ-nin tabanlarında,strukturlarında,seçmənində narazılıqlara yol açıbmış.Yəni seçici CHP və İYİ partiyalarının milli məfkurəni istənilən şəkildə təmsil etmədiklərinin fərqindədir, bu səbəbdən də TBMM-də "Millət İttifaqı"nın çoxluqda təmsil olunmasını istəməyib.
Toparlanmaq,səhvləri təlafüz etmək,seçkinin ikinci turuna hazırlaşmaq lazım bilindi.Buna cəhd edilərkən,Dəva və Gələcək partiyalarından kütləvi istefa verənlər AKP-yə keçdilər.CHP və İYİ partiyalarında ruh düşkünlüyü açıq-aşkar hiss olundu,İmamoğlu,Davudoğlu arasında narazılıq mətbuata sirayət etdi.Maral Akşenər həmişəki kimi " namizədimiz Kılıçdaroğlu üstün fərqlə qələbə qazanacaq" fikirini, " hansı namizəd qazanarsa xalqımıza xeyirli olsun" ifadəsi ilə əvəz etməyə başladı.Mansur Yavaşın,Əkrəm İmamoğlunun əvvəlki kimi sərt danışıq üslubunu isə, həmin günlərdə "olmuşlara-keçmişlərə" aydınlıq gətirilməsi əvəzlədi.
Əhməd Davudoğlu,Əli Babacan prezident seçkilərinin ikinci turuna hardasa, Rəcəb Tayyib Ərdoğanın qələbəsini qəbullanmış kimi yanaşdılar.Bu kimi siyasi dil tərzləri istənilən siyasətçinin, xüsusilə ayıq olan qardaş Türkiyə cəmiyyətində seçicinin gözündən yayınmır.Seçici "bunlar indidən bir-biri ilə yol getmir,hakimiyyətə gəlsələr görün nələr olar", məntiqi üzərində israrla dayanmış kimi göründüyü bir zamanda təbii ki, Kamal Kılıçdaroğlu üstün görünə bilməz.
4.Və ən nahayət sekilərə iki gündən də az qalmış müddətdə Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş seçki ilə bağlı çağırış edir. O, "Altılı masa”nın namizədi üçün "sabah dünyanın sonu olmayacaq, amma demokratiyanın və iqtisadiyyatın sonu ola bilər; sabah qiyamət günü olmayacaq, amma son seçim ola bilər. Qardaşlar, Kılıçdaroğluna səs verin,Türkiyə nəfəs alsın”, - deyərək xalqa səsləndi.Onun bu çağırışını isə ölkənin bütün media qurluşları tirajladı.HDP-nin həbsdə olan həmsədrinin bu yanaşması isə millətçi,mühafizəkar millətçi,sağ millətçi,dindar və mühafizəkar kəsimdə söylənilənlərin doğruluğuna əminliyi artırır və onları "Ərdoğan fikirlərində haqlıdır" məntiqi üzərindən yürüməyə sövq edir.
Bu və ya digər bir neçə xətalı siyasət izdənilməsi səbəbindən ehtimal etmək olar ki, 28 May Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu anket şirkəti tərəfindən proqnozlaşdırıldığı kimi 48,1 faiz deyil, bəlkə də birinci turda topladığı 44,88 faizdən də aşağı səs toplasın.
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın