Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”

Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur” 

"Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi:

 "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. ..İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu məhz cənab İlham Əliyevə səs verdi.”


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat dayanıqlı inkişafın təmin olunması xəttinin Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olduğunu qeyd edib: “Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Çoxvektorlu siyasət yürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub."


K.Qafarov deyib: “ Prezident İlham Əliyevin sona çatdırdığı taleyüklü məsələlərdən danışarkən, ilk növbədə, 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqının ən ümdə arzusu olan ölkənin ərazi bütövlüyünün bərpa edilməsini qeyd etmək lazımdır. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər az müddət sonra Qarabağ münaqişəsinin nikbin sonluğu ilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı. Digər tərəfdən, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi tarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu tarixi Qələbədən üç il sonra, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla Azərbaycan özünün ərazi bütövlüyünü və nəhayət sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, separatçı rejimin qeyri-qanuni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, buna paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.”

Deputat qeyd edib ki, Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb: “Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib. Cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib.Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər