Keçmiş Milli Qəhrəman Rasim Əkbərov niyə bıçaqlanıb? - TƏFƏRRÜAT
Sabiq Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlamaqda təqsirləndirilən Xaliq Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.
İttiham aktına əsasən, Xaliq Məmmədov 2021-ci ilin sentyabr ayının əvvəllərində Goranboy şəhər sakini Rasim Əkbərova yaxınlaşaraq cinayət törətdiyi üçün həbs olunmuş və himayəsində 4 azyaşlı uşağı olan tanışının azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.
Daha sonra o, 8 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində xərərçəkmiş şəxsin Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən çayxanada açıq havada tək oturub çay içməsini görüb. Xaliq ona yaxınlaşaraq həmin məsələ ilə bağlı təkrar müraciət etmək istəyib. Bu zaman Rasim Əkbərov telefonla danışması səbəbindən ona kənarlaşmasını bildirib. Lakin o, getməməkdə israr etdiyi üçün zərərçəkmiş şəxs ona “dur aralaş burdan, telefonla danışıram” sözlərini deyib. Xaliq daha əvvəl özünün məhkumluq həyatı yaşaması ilə bağlı həmin sözləri özünə təhqir kimi qəbul edib, O, bunu bəhanə edərək bir qədər aralaşıb. Sonra Xaliq zərərçəkmiş şəxsə arxadan yaxınlaşaraq üzərində gəzdirdiyi bıçaq ilə Rasim Əkbərovun bədən nahiyələrinə ardıcıl 8 zərbə endirib. Bu zaman zərərçəkmiş şəxs stolun üzərindəki çayniki əlinə alıb ona tərəf atıb, qolları ilə onun zərbələrini dəf edib və Xaliq hadisə yerindən qaçıb uzaqlaşıb.
Rasim Əkbərov vaxtında xəstəxanaya aparılaraq və onun həyatını xilas etmək mümükün olub.
Məhkəmə iclasında Xaliq Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Rasim Əkbərovu hadisə gününə qədər qiyabi olaraq tanıyıb, onunla heç bir ədavət və ya düşmənçiliyi olmayıb.
Onun atası Rasim Əkbərovun tabeliyində I Qarabağ müharibəsində iştirak edib.
Zərərçəkmiş şəxs Goranboy özünümüdafiə batalyonunun komandiri olub, rayon ərazisində tanınan və nüfuza malik olan şəxsdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o, Goranboy şəhəri ərazisində Rasim Əkbərova yaxınlaşaraq Fizuli Məmmədovun oğlu olduğunu, psixi xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün maddi köməklik göstərməsini xahiş edib. Zərərçəkmiş şəxs ona deyib ki, “axşam tərəfi yaxınlaşarsan, köməklik edəcəm sənə”. Həmin gün axşam saatlarında o, Rasim Əkbərova Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən evinin qabağına gedib, lakin zərərçəkmişlə görüşə bilməyib. Bundan sonra, 08 sentyabr 2021-ci il tarixdə Xaliq Goranboy şəhərində dairənin yanından yaşadığı ev tərəfə yollanıb. Bu zaman zərərçəkmiş şəxsin dairənin yaxınlığında çaycanada açıq havada tək oturub çay içdiyini görüb. Xaliq Rasim Əkbərova yaxınlaşıb və salam verib əyləşib. Zərərçəkmiş şəxs həmin vaxt telefonla danışırmış. Rasim Əkbərova ona “get burdan, telefonla danışıram” söyləyib. O, isə ona “komandir, bir söz demişdim sizə” bildirib. Rasim Əkbərov ona “dur aralan, rədd ol burdan” deyib.
Xaliq Məmmədov qeyd edib ki, zərərçəkmiş şəxs həmçinin ona nalayiq ifadə işlədib. Bu səbəbdən o, həmişə üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxararaq Rasim Əkbərovun qarın nahiyəsindən 2 dəfə vurduğunu bildirib. Bundan sonra zərərçəkmiş şəxs ayağa durub və masanın üzərindən çayniki götürərək ona tərəf atıb və Xaliqin üstünə gəlib.
Çaynikin ona dəyib-dəyməməsini xatırladığını deyən Xaliq Rasim Əkbərovun bıçağı onun əlindən alaraq onun özünə xəsarət yetirməsindən ehtiyatlandığını söyləyib. O, zərərçəkmiş şəxsə daha bir neçə dəfə bıçaqla qarın və qollarından zərbə endirib. Rasim Əkbərov onun üstünə gəldikcə o, bıçaqla zərərçəkmiş şəxs vururub ki, üstünə gəlməsin, ümumilikdə nə qədər bıçaq zərbəsi vurduğunu isə xatırlamır. Zərərçəkmiş şəxsin bədənindən qan axdığını görüb o, hadisə yerindən qaçaraq uzaqlaşıb və Goranboy Rayon Polis Şöbəsinə gedərək törətdiyi əməl barədə məlumat verib.
Xaliq Məmmədov dindirilən zaman törətdiyi əməldən peşman olduğunu söyləyib.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib, həbs-qətimkan tədbiri seçilib.
Xatırlatma: Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı ləğv olunub. Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaliq Məmmədov 14 il azadlıqdan məhrum edilib./pravda.az
Bu xəbər üçün şərh yazın