Kompüter və planşetlər uşaqlarda göz xəstəlikləri yaradır –HƏKİM XƏBƏRDARLIĞI
Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir.
Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Korluğun qarşısını almaq üçün həm müxtəlif maarifləndirmə proqramları, həm də profilaktik tədbirlər həyata keçirilir. Mərkəz olaraq bizim də fəaliyyətimizin əsas məqsədi xəstəliklərin erkən diaqnostikasını həyata keçirməklə korluğun qarşısını almaqdan ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva Şəkidə keçirilən humanitar aksiya zamanı jurnalistlərə müsahibəsində deyib.
Mərkəzin rəsmisinin məlumatına görə, hazırda dünyada 19 milyondan çox uşaqda görmə zəifləməsi müşahidə olunur, 1,5 milyon uşaq isə korluqdan əziyyət çəkir. Uşaqlarda göz xəstəliklərinin fəsadlarının, korluğun qarşısını almaq üçün respublikamızda da davamlı tədbirlərin həyata keçirildiyini vurğulayan mərkəzin rəsmisi bu işdə valideynlərin də üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib: “Gələcəyimiz olan uşaqları qorumaq üçün valideynlər də diqqətli olmalıdırlar. Onlar planşetləri, kompüterləri bir oyuncaq kimi uşaqlara verirlər. Bu da uşaqlarda göz xəstəliklərinin yaranmasına, mövcud problemlərin kəskinləşməsinə və göz patologiyalarının əmələ gəlməsinə səbəb olur. Ona görə də valideynlərə tövsiyə edirik ki, uşaqları planşet, kompüter və telefonlardan uzaq tutsunlar. Belə hallar uşaqlarda görmə sindromlarının, digər göz patologiyalarının əmələ gəlməsinə şərait yaradır”.
“Görmə-2020” proqramı çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin davamlı olaraq respublikanın müxtəlif yerlərində humanitar aksiyalar keçirdiyini diqqətə çatdıran qurum rəsmisi qeyd edib ki, əgər erkən diaqnostika və müayinələr aparılarsa, xəstəliklər öncədən müayinə olunub müalicə edilərsə, bu, korluğun qarşısının 80 faiz alınması deməkdir.
Bu xəbər üçün şərh yazın