Könül Nurullayeva: “Avropa ölkələri bölgədə sülh və etimad mühitinin gücləndirilməsində Azərbaycanı əsas lokomotiv kimi qəbul edir”
Azərbaycanla əməkdaşlıq bütün tərəfdaş ölkələrin marağındadır.
Ölkəmizlə diplomatik münasibtlərin qurulmasının 30 iliyi ilə əlaqədar dövlət başçımıza ünvanlanan mətublarda da bu məqam xüsusi vurğulanır. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edərkən aparılan müzakirələrdə Azərbaycanın enerji və tranzit ölkəsi, etibarlı tərəfdaş kimi rolu xüsusi qeyd olunur. Böyük Britaniyanın baş naziri Boris Consonun məktubunda da Azərbaycanla əlaqələrin əhəmiyyəti vurğulanır. “Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. Böyük Britaniya Azərbaycanın sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da belə olacaq”.
Avropanın iqtisadi lokomativi olan Almaniya ilə də əlaqələrin inkişafı üçün perspektivlər mövcuddur. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubundan da aydın görünür ki, tərəflər dövlətlərarası münasibətləri və səmərəli əməkdaşlığı istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf etdirmək və genişləndirmək niyyətindədir.
Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarından biri olan İtaliya da münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnundur. Bu, İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqinin Prezident İlham Əliyevə telefon zəngində xüsusi qeyd olunub. Polşa və Avstriya da Azərbaycanla yüksək səviyyəli münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Görünən budur ki, 30 ildir Azərbaycanla diplomatik münasibətlər quran Avropanın nüfuzlu dövlətləri çoxşaxəli əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır. Təbii ki, Azərbaycan üçün əsas məsələ bu münasibətləri yeni reallıqlar fonunda genişləndirməkdir. Bu mənada Azərbaycanın regionun gələcəyinə baxışına diqqət yetirilir, bölgədə sülh, təhlükəsizlik və etimad mühitinin gücləndirilməsində Azərbaycan əsas lokomotiv kimi qəbul olunur. Çünki dövlət başçımızın da söylədiyi kimi, “Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”.
Bu xəbər üçün şərh yazın