Könül Nurullayeva: “Ermənistan hər zaman regionda gərginliyin yaradılması üçün istifadə olunub”
Sentyabrın 12-14-də Azərbaycan növbəti Zəfərə imza atdı. Ermənistanın təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı və ona böyük zərbə vuruldu.
Ermənistan elə bir növbəti sarsıdıcı zərbə aldı ki, hələ uzun müddət onun təsirindən çıxa bilməyəcək. Bu gün bütün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclüdür. Biz xalq olaraq həm ərazi bütövlüyümüzün bərpasını, həm də sərhədlərimizi möhkəmləndirməyin sevincini yaşayırıq. Azərbaycanın qəhrəman oğulları qanları bahasına ərazilərimizin bütövlüyü naminə canından keçib. Onların əziz xatirəsi qarşısında baş əyirik. Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir ki, bu gün Ermənistanda siyasi və sosial xaos hökm sürür. Bu ölkə Azərbaycanla hesablaşmağa məcburdur.Azərbaycan bütün addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atır.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat onu da bildirib ki,Müzəffər Ali baş komandan İlham Əliyevin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində çağırışları təqdir olunur. Bu ədalətli mövqedən, beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaşlarının sayı artır. Beynəlxalq ictimaiyyət əslində hər zaman sülh tərəfdarı olan Azərbaycanla beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan Ermənistan arasında seçim etməlidir.Son hadisələr, genişmiqyaslı erməni təxribatları da bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Bu ölkə revanşist siyasətilə bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
Uzun illər ərzində Ermənistan beynəlxalq münasibətlər sisteminin obyekti kimi regionda gərginliyin yaradılması üçün istifadə olunub. Regionun bugünki mənzərəsi də göstərir ki, Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalıdır. Bu ölkə Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməli, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Mühribənin başa çatmasından ötən 2 il ərzində mina terrorunun can almaqda davam etməsi, sülh müqaviləsinin hələ də imzalanmaması Ermənistanın dünyadakı hərbi cinayətkar və terrorçu ölkə imicini bir daha təsdiqləyir. Çünki mina problemi Ermənistanın hərbi hücumlarını asanlaşdıraraq, Azərbaycan üçün müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Keçmiş məcburi köçkünlərin öz yurd yuvalarına qayıtmasını yubadır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu təxribatçı davranışa görə Ermənistanı qınamalıdır. Çünki rəsmi İrəvan həm mina məsələsi, eləcə də genişmiqyaslı təxribatlara görə hüquqi məsuliyyət daşıyır.
Bu xəbər üçün şərh yazın