Könül Nurullayeva: “Ermənistan informasiya cəbhəsindəki təxribatları ilə dünya ictimaiyyətini yenə aldatmağa çalışır”
Döyüş meydanında cəzalandırılan Ermənistan informasiya cəbhəsində də təxribata əl atır.
Kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın guya Ermənistanın ərazisinə müdaxilə etməsi, mülki infrastrukturu hədəfə alması barədə dezinformasiyalar yaymaqdadırlar. Beynəlxalq təşkilatlara müraciət edərək özlərini məzlum xalq kimi təqdim edirlər. Bununla daha çox havadar qazanmaq, öz təxribat və cinayət əməllərini ört-basdır etməyə can atır. Azərbaycan isə rəsmi qaydada bəyan edir ki, silahlı qüvvələrimiz Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ona görə də istənilən halda baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Nikol Paşinyanın KTMT-yə müraciət etməsi də tam əsassızdır. Biz öz ərazilərimizin təhlükəsizliyini təmin edirik. Bu məsələdə heç kim rəsmi Bakının işinə müdaxilə edə bilməz.Əslində Ermənistanın son davranışları Brüssel sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Brüssel görüşündə özünü sülh tərəfdarı kimi qələmə verməyə çalışan Ermənistan Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədilə təxribatlarını davam etdirir.
Faktinfo.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutumasına münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki,Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Şübhəsiz ki, bu təxribatların qarşısı dərhal alınmalı idi. Çünki bu, bizim suveren hüququmuzdur. Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmişik və bu proses davam edəcək.Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi. İstənilən təxribatın cavabı ağır olacaq. Avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da Ermənistana dərs verildi. Amma görünür, bu da Ermənistana bəs etmədi. Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı. Halbuki Brüssel razılaşmasına görə Ermənistan humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Amma biz əksini gördük. Qarşı tərəf bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirərək, vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan ərazilərində neçə gündür təxribatları davam etdirməklə rəsmi İrəvan regionda təcavüzkar və işğalçı olduğunu bir daha təsdiqləyir. Təxribat davam etdikcə qisas da daha sərt şəkildə davam edəcək. Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu heç bir halda qəbul edilə bilməz. 10 noyabr 2020-ci il bəyanatında da qeyd olunduğu kimi, bu qanunsuz birləşmələr Azərbaycan ərazilərindən çıxmalıdır.
Bu xəbər üçün şərh yazın