Könül Nurullayeva rəqiblərindən necə fərqləndi ?- 24 saylı Nizami birinci Seçki Dairəsində kim üstündür?
9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə cəmi bir neçə gün qaldığından deputatlığa namizədlər arasında rəqabət ab-havası pik həddə çatıb. Seçki günü mübarizənin daha gərgin keçəcəyi ərazilərdən biri də 24 saylı Nizami birinci Seçki Dairəsidir.
Bu dairədən qalib adı uğrunda 20 nəfərdən çox iddiaçı mübarizəyə qoyulsa da, proqnozlara görə, 5 namizədin şansı daha yüksək qiymətləndirilir. Bunlar hakim Yeni Azərbaycan Partiyasının namizədi Elnur Mustafayev, “Müsavat”çı Nəsiman Yaqublu, Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü Nurəddin İsmayılov, “Ümid” partiyasının təmsilçisi Səməd Hətəmov və namizədliyi özü tərəfindən irəli sürülmüş Könül Nurullayevadır.
“SOCAR PETROLEUM”QSC-nin əməkdaşı olan Elnur Mustafayev YAP-ın namizədi olduğundan ilk baxışda daha şanslı görünə bilər. Ancaq nəzərə almalıyıq ki, həm ölkə rəhbərliyi, həm də seçki prosesi ilə bağlılığı olan digər səlahiyyətli şəxslər açıq şəkildə bəyan ediblər ki, 9 fevral seçkiləri tam şəffaf və demokratik şəkildə keçiriləcək. Yəni, hansı partiyanı təmsil etməsindən asılı olmayaraq, millət vəkili olmaq istəyən şəxs ilk növbədə millətin, seçicilərin etimadını qazanmalı, yüksək səs toplamalıdır. Qəbul etməliyik ki, Elnur Mustafayev hakim partiyanın namizədi olsa da, kifayət qədər tanınan şəxs deyil, üstəlik də təbliğat-təşviqat dövründə xüsusi bir fəallıq göstərmədi,seçici rəğbəti qazana bilmədi. Böyük ehtimlalla bu amillər seçki günü onun əleyhinə işləyəcək.
Yuxarıda qeyd edildiyi kimi, 24 saylı Nizami birinci Seçki Dairəsində şanslı namizədlər sırasında adı hallandırılanlardan 3-ü tanınmış müxalifət partiyalarının nümayəndələridir. Onların hər birinin – həm Nəsiman Yaqublunun (“Müsavat”), həm Nurəddin İsmayılovun (ADP), həm də Səməd Hətəmovun (Ümid) adıçəkilən seçki dairəsinin əhatə etdiyi ərazidə bir xeyli tərəfdarı var və onların üçü də təmsil etdikləri partiyanın nüfuzuna güvənərək qələbəyə müəyyən qədər ümid bəsləyə bilərlər. Ancaq nəzərə alsaq ki, onların hamısı müxalifət partiyalarını təmsil edir və seçki günü ərazidəki müxalif meylli şəxslərin səsləri istər-istəməz bir neçə yerə parçalanacaq, onda adı çəkilən hər 3 namizədin qələbə ehtimalının bir xeyli azalacağını vurğulaya bilərik.Bu faktora onların seçiciləri ilə planlı və sistemli şəkildə işləməmələrini də əlavə etdikdə, müxalifət namizədlərinin qələbə faizlərinin bir az da aşağı düşdüyünü hesab etmək olar.
Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, meydanda digər bir şanslı iddiaçı qalır – namizədliyi özü tərəfindən irəli sürülmüş Könül Nurullayeva.
Özünə inam hissi ilə seçilən bu gənc və perspektivli xanımın qələbəsini səciyyələndirə biləcək bir neçə amili isə nəzərdən qaçırmamalıyıq. Əvvəla, Könül Nurullayeva gənc olsa da, kifayət qədər uğurlu karyeraya sahibdir. O hələ orta məktəb illərindən savadı,təşkilatçılıq bacarığı ilə yaşıdlarından seçilib. Hər zaman mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında aktivliyi ilə diqqətləri özünə çəkə bilib.
Hazırda ictimai xadim, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr Idarəsinin rəisi, beynəlxalq idman yarışlarının təşkilat komitəsinin aparıcı üzvlərindən biri kimi aktiv fəaliyyət göstərir. Bir neçə dəfə Yay və Qış Olimpiya Oyunlarında, IV Islam Həmrəyliyi Oyunlarında və s. mötəbər idman yarışlarında nümayəndə heyətinin rəhbərlərindən biri kimi, Azərbaycanı uğurla təmsil edib. Eyni zamanda, Dünya Ekspo Sərgisinə Bakı şəhərinin ev sahibliyi etmək üçün verdiyi namizədliyi ilə əlaqədar “Expo 2025” işçi qrupunun üzvüdür.
Xüsusi qeyd etməyə dəyər ki, 24 saylı Nizami birinci Seçki Dairəsində ən fəal təbliğat-təşkilat seçki kampaniyası aparan namizəd məhz Könül Nurullayevadır. Onun seçicilərlə keçirdiyi bütün görüşlərdə, demək olar ki, izdiham yaşanır. O daha çox qadınlarla və gənclərlə görüşlər keçirməyə üstünlük verir ki, bunun da son nəticə üçün hansı avantaj olduğunu anlamaq çətin deyil.O, rəqiblərindən bir istiqamət üzrə fərqləndi,Qərbi Avropa seçki modelinə üstünlük verdi.Belə ki, Könül Nurullayeva təbliğat-təşviqat kampaniyası başlayanda ilk olaraq kütləvi şəkildə seçicilərin qarşısına çıxmadı,əvvəlcə azyaşlıları,qocaları,şəhid ailələrini,Qarabağ müharibəsi veteranlarını və bu qəbildən olan digər ailələrə baş çəkdi,arada bir doğmalıq yaratdı. Yalnız bundan sonra kütləvi görüşlərə start verdi ki,artıq bu zaman seçiciləri onu özününkü kimi qəbul etdi. Həmçinin,idman meydançalarına getməklə özü ətrafında müsbət aura formalaşdırdı.Hətta bir az da dərin düşünərək seçiciləri ilə daha çox siyasətdən danışmağa deyil,onların tələbinə,təfəkkürünə uyğun səmimi söhbətlərə üstünlük verdi.Bütün bunlar gülərüz,səmimi seçiciləri üçün münasib insan təsiri bağışlayan Könül Nurullayevanın üstün cəhətləri idi.Siyasətin ana xəttini təşkil edən metodlardan biri olan bu taktika özünü doğrultdu ki,nəticədə onun seçiciləri ilə görüşündə hər hansı bir xoşagəlməz insident yaşanmadı.
Əgər islahatlardan, inkişafdan danışırıqsa, qəbul etməliyik ki, yeniləşən parlamentin Könül Nurullayeva kimi gənc və yeni təfəkkürə malik deputatlara ehltiyacı var. Azərbaycan Dillər Universitetinin məzunu olan Könül xanım bir neçə xarici dil bilir ki, bu, deputat seçiləcəyi təqdirdə gələcəkdə parlamlent nümayəndə heyətinin üzvü kimi, Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil etməyə imkan verə bilər.
Sonda bir daha vurğulamaq istərdik: YAP-ın namizədinin təbliğat-təşviqat dövründə bir qədər “kölgədə” qalmasını və müxalif namizədlərin səslərinin seçki günü bir neçə yerə parçalanacağını nəzərə alsaq, inamla deyə bilərik ki, seçicilərlə görüş zamanı hər yerdə böyük coşqu və rəğbətlə qarşılanan Könül Nurullayeva 24 saylı Nizami birinci Seçki Dairəsinin ən öndə gedən namizədidir. Əgər 9 fevral Milli Məclisə seçkilər günü bu dairə üzrə qeyri-adi nə isə baş verməsə,Könül Nurullayevanın qalib gələcəyi gözləniləndir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın