Laçının işğaldan azad edilməsi Azərbaycanın böyük qələbəsi idi

Laçının işğaldan azad edilməsi Azərbaycanın böyük qələbəsi idi - Kamaləddin Qafarov

“İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntılara və talançılığa məruz qoyulmuş Azərbaycan rayonlarından biri də Laçın rayonu olub.


Ermənistan silahlı qüvvələri Laçın dəhlizindən keçməklə 1992-ci il mayın 18-də rayonu işğal etmişdilər. Bu fakt Ermənistanla artıq mövcud olmayan “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaranmasını təmin etmişdi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 80 min nəfərə yaxın rayon sakini Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq 28 il ərzində məcburi köçkün həyatı yaşamağa məhkum olub.” 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat erməni işğalçılarının Laçın rayonunda törətdikləri hərbi cinayətlərdən bəhs edərək sözünə davam edib: “İşğal dövründə Laçın rayonu ərazisində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri erməni qəsbkarları tərəfindən tərəfindən talan olunub və tamamilə məhv edilib. İşğala qədər rayonda olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə misli görünməmiş vandalizmə məruz qoyulub. Rəsmi İrəvan işğal altında olan digər ərazilərimizdə olduğu kimi, Laçında da Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsinə nail olmuşdu. İşğalçılar əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə müşayiət olunan hərbi cinayətlər törətmişlər. Təəssüflər olsun ki, ermənilərin bu cinayətləri dünya ictimaiyyətinin gözü qarşısında törətmələrinə rəğmən, beynəlxalq təşkilatlar yenə də Ermənistana qarşı heç bir bəyanat və ya qətnamə qəbul etməmiş, Azərbaycanın hüquqlarının bərpası yönümündə heç bir addım atmamışdılar.”


K.Qafarov Laçın rayonunun işğaldan azad edilməsini Azərbaycanın böyük-həm hərbi, həm də diplomatik qələbəsi olduğunu vurğulayaraq deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğalçılardan təmizlədi. Laçının işğaldan azad olunmasının xüsusi bir özəlliyi də vardır ki, bu da rayonun qismən hərbi əməliyyatlar, qismən də danışıqlar yolu ilə azad olunmasından irəli gəlir. Məlumdur ki, 2020-ci il noyabrın 9-u, Vətən müharibəsinin sonuncu günü Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bundan sonra, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər