Lavrovdan Azərbaycan əleyhinə açıqlama: "Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın əleyhinə fikir səsləndirib.
Xocalı rayonunun Fərrux kəndi ətrafında yaranmış vəziyyət barədə suala cavabında Lavrov diplomata yaraşmayan ifadələrə yol verib.
Rusiya XİN başçısı bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir.
“Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, - Rusiyanın baş diplomatı vurğulayıb.
Lavrovun fikirlərində diqqətçəkən məqam odur ki, o, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış və qəbul edilmiş Qarabağ regionunda hansısa delimitasiya prosesindən danışır.
Sergey Lavrovun yadına salmaq yerinə düşər ki, Prezidenti Vladimir Putin də Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Delimitasiya isə iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi üçün aparılan prosesdir. Azərbaycanla Ermənistan arasında yaradılmış müvafiq komissiya məhz iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə məşğul olur. Qarabağ, Xankəndi, Fərrux kəndi Azərbaycan ərazisi olduğu üçün Lavrovun haqqında danışdığı delimitasiya prosesi mənasız olduğu qədər də düşündürücüdür. Bu, Rusiyanın məsələn, Dağıstan, Çeçenistan və digər əraziləri ilə delimitasiyası deməkdir.
Rusiyanın baş diplomatı nəyə işarə edir, dilinin altında yatan məna nədir?
Bu fikirlərin yanlışlıqla səsləndirildiyinə inanmaq istərdik. Mümkündür ki, Lavrov Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə ümumi kontekstdən yanaşıb, məsələni qarışdırıb. Əks halda, bu gün Ukraynaya təcavüzünə, başladığı müharibəyə görə bütün dünya ilə düşmən olan Rusiyanın Azərbaycanı da düşmənləri sırasında gördüyünü düşünməkdən başqa yol qalmır.
Rusiya XİN başçısı hazırkı həssas məqamda bu ifadəsi ilə vəziyyəti daha gərginləşdirməyə xidmət etməsinin fərqində olmalıdır. Xüsusən, Qarabağda sülhməramlı missiyası olan bir ölkənin baş diplomatının yumşaq desək, bu cür ehtiyatsız, sülh prosesinə təhlükə yaradacaq açıqlaması yolverilməzdir.
Bu xəbər üçün şərh yazın