“Maradonanın komandası mənə təklif göndərmişdi”
Azərbaycan yığmasının və “Neftçi”nin sabiq futbolçusu Vəli Qasımov Rusiyanın “sport-ekspress” nəşrinə müsahibə verib
Həmin müsahibəni ixtisarla təqdim edirik:
- Azərbaycanda futbolun səviyyəsi, həqiqədən də, üzücüdü?
- Səviyyə düşür. Premyer Liqada cəmi 8 komanda var ki, bu da çox azdı. Birincilik uğrunda, demək olar ki, 2 klub – “Qarabağ”la “Qəbələ” mübarizə aparır. Onların stabil büdcələri var. Qalan komandalar isə 3-4-cü yerlər və ya elitada qalmaq üçün yarışırlar.
- Yəqin ki, ölkədə istedadlı oyunçular var?
- Getdikcə azalır. Ötən mövsüm çox sayda legionerlər var idi. Onlar yerli oyunçulardan təcrübəlidilər. Buna görə də, bizim futbolçular əsas heyətə düşməkdə çətinlik çəkirlər.
- Siz Azərbaycan yığmasında Berti Foqtsun köməkçisi olmusunuz. Almaniyalı özünəməxsus mütəxəssisdimi?
- Hesab edirəm ki, o, yığmamıza nizam-intizam gətirib. Foqts futbolçuların işinə, məşqinə, qidalanmaya və rejimə münasibətini dəyişib. Amma deyə bilmərəm ki, yığma onun rəhbərliyi altında daha yaxşı oynayıb. Düzdü, bəzən ciddi rəqiblərdən xal alırdı. Məsələn, Türkiyəyə qalib gəlib. Amma ümimilikdə autsayderlər sırasında qalırdıq. Həm də onun oyun üslubu azarkeşlərin xoşuna gəlmirdi. Həddən artıq müdafiəyəmeyilli və baxımsız idi.
- Robert Prosineçki başqa futbol tətbiq edib?
- Bəli, komanda daha çox hücumda oynayır, baxımlı oyun nümayiş etdirir. Futbolçular topu saxlamağa, kombinasiyalı oynamağa çalışırlar.
- Aleksandr Səmədovu Azərbaycan yığmasına cəlb etmək baş tutmayanda çox üzüldünüz?
- Bəli, o bizim komandada ola bilərdi. AFFA bunun üçün müəyyən qüvvə sərf etdi. Ancaq onu razı salmaq çətin idi. Səmədov Azərbaycanda futbolun səviyyəsinin tam fərqli olduğunu başa düşərək imtina edirdi. Amma Rusiyada da futbolun səviyyəsi elə də yüksək deyil. Sizin yığmanızın da uğurları ləngiyir. Uşaq futbolunda problemlər aşkardı. Çox sayda yeni istedadların peyda olması, bizdə də, Rusiyada da ləngiyir.
- “Neftçi”dən “Spartak”a macəralarla keçmişdiniz...
- Bəli. 1991-ci ildə SSRİ-nin dağılması ərəfəsində Aleksandr Tarxanovun baş məşqçisi olduğu “Paxtakor”a çağırdılar. Çox güclü komanda toplaşmışdı. Toplanışda bütün rəqiblərə qalib gəlirdik. Amma SSRİ çempionatı baş tutmadı və hərə bir tərəfə dağılışdı. Oleq Romantsev Tarxanovu “Spartak”a çağırdı. O da məni yanına dəvət etdi.
- Sonrası necə oldu?
- Mən “Spartak”da olanda Rusiya çempionatı artıq başlamışdı. Bakıda isə keçidimə icazə vermirdilər. Nəticədə 3-4 tur oynamaq hüququm olmadı. “Neftçi” məni geri çağırmağa çalışır, buraxmaq istəmirdi.
- Sizə hədə-qorxu gəlirdilər?
- Hətta beləsi də olub. Mənim “Neftçi”dən getməyim onlara xoş deyildi. Lakin Azərbaycanda oynamaq istəmirdim. Sonda məsələ həll olundu və “Spartak” məni sifariş etdi. Amma...
- Amma nə idi?
- Besçastnıx ilk turlarda “Spartak”da qollar vururdu. Mən isə öz şansımı gözləməli idim. Dövrələrarası fasilədə Valeri Qazzayev zəng vurub məni “Dinamo”ya çağırdı. Deyirdi ki, onsuz da, “Spartak”da oynamırsan, gəl bizim komandaya.
- Buna Romantsev necə reaksiya verdi?
- O məni buraxmaq istəmirdi, deyirdi ki, sənə güvənirəm.
- Sizi inandıra bilmədi?
- Yox, mən artıq keçməyə köklənmişdim. Romantsev də fikrimin “Dinamo”da olduğunu etiraf etdi.
- “Spartak”da rəqabətdə başqa kiməsə uduzurduz, yoxsa komandanın üslubu sizə uyğun deyildi?
- Deməzdim ki, “Spartak” mənim komandam deyil. Sadəcə, Romantsevin məşqləri mənə ağır gəlirdi. Daim topla çalışırdıq. Belə hazırlıq mənim xoşuma gəlirdi. Amma məşqçinin tələblərini dərk etmək üçün mənə vaxt lazım idi.
- Ancaq “Spartak”da 6 oyun keçirə bildiz...
- Bəli, lakin qol vura bilmədim. Çünki 1 hücumçu qol vurursa, digəri gözləməli olur. Besçastnıx isə güclü və sabit çıxış edirdi. Bəlkə 1 qol vursaydım, hər şey dəyişərdi. Yadımdadı ki, 16 yaşımda SSRİ çempionatında debüt edəndə “Metallits”in heyətində meydana sonradan daxil olub Moskva “Dinamo”suna qol vurmuşdum. Sonra isə davamı gəlmişdi.
- “Spartak” və “Dinamo”da maaşlar fərqli idi?
- Bir az. “Spartak”da hətta yoxlama oyunlarındakı qələbəyə görə də mükafat verilirdi. Hər şey dəqiq və vaxtında idi. Belə şey heç yerdə yox idi.
- Həmin vaxtlar da danışılmış oyunlar olurdu?
- Mən belə bir oyun xatırlamıram. Düşünmürəm ki, belə şeylər var idi. İlk çempionatda hər şey təmiz idi.
- Rusiya çempionatının bombardiri olandan sonra Romantsev sizi yenidən “Spartak”a çağırırdımı?
- Yox. Avropada kifayət qədər variant var idi. “Brügge”yə çağırdılar, İtaliya klubları maraqlanırdı.
- İtaliyada hansı kluba keçə bilərdiniz?
- “Atalanta” ilə 3:3 hesabı ilə nəticələnən yoxlama görüşündə hər 3 qolu mən vurmuşdum. Rəqibin prezidenti dərhal müqavilə təklif etdi. Ancaq mən artıq “Betis”lə anlaşmışdım.
- Maradona ilə eyni klubda oynamaq variantınız necə yarandı?
- Həmin vaxt Maradonanın çıxış etdiyi “Boka Xuniors” mənə təklif göndərmişdi. Bir az düşündüm, amma Argentina məni özünə çəkmirdi.
- Sizin özünüzün də yığmada oynadığınız vaxt Rusiya millisini seçmək imkanınız olub?
- Bəli, seçə bilərdim. Mənim üçün çox ağır an idi. Futbolçu kimi Rusiyanın güclü olduğunu bilirdim. Amma vətənpərvər kimi Azərbaycandan imtina edə bilməzdim.
- Bəs kim sizi Rusiya yığmasında oynamağa çağırırdı?
- Nikita Simonyan. Mən həmişə onun xoşuna gəlmişəm. Hələ “Neftçi”nin heyətində SSRİ yığması ilə yoldaşlıq oyunundan sonra (1:1) Simonyan demişdi ki, Azərbaycanda sovet futbolunun ulduzu yetişir. Ancaq onun istədiyi kimi olmadı. Azərbaycanda anadan olmuşdum və ona görə də bu ölkənin komandasında oynamalı idim.
- Azərbaycan yığması Fransaya 0:10 hesabı ilə uduzandan sonra millidən imtina etmədiniz?
- Xeyr. Həmin matçda iştirak etməmişdim. Belə böyük hesabla uduzmamışam. Sadəcə, federasiya rəhbərliyi ilə aramızda anlaşılmazlıqlar, problemlər yaranmışdı. Buna görə də çağırmırdılar. İndi həmin mövzuya qayıtmaq istəmirəm. Bu mənə xoş deyil. Hərçənd heyətimiz pis deyildi. Amma bundan maksimum yararlana bilmirdik.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın