Məcburi Köçkünlər üçün ayrılan milyonlar 10 manatlıq MMC-də "yuyulur"-

Məcburi Köçkünlər üçün ayrılan milyonlar 10 manatlıq MMC-də "yuyulur"- Deputat Mahir Abbaszadə gəlir götürmək üçün...

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaitləri hesabına son bir il ərzində məcburi köçkünlər üçün bir neçə yeni yaşayış massivi salınıb. Ötən il iyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi,oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksi,dekabrın 28-də isə Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksləri məhz bu qəbildəndir.

Aktualinfo.org -un məlumatına görə,məcburi köçkün ailələri üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəllələrinin salınması ilə bağlı  işlər dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən aparılır və bu gün də davam etdirilir. Elə bu məqsədlə məcburi köçkünlər üçün Abşeron rayonu ərazisində salınacaq yeni yaşayış massivlərinin tikintintisinə fondun elan etdiyi tenderlər üzrə aprelin 15-də müqavilə bağlanılıb. Bağlanmış müqavilə barədə bir qədər sonra.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyində kadr dəyişiklikləri baş verdi. Fondun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə buna qədər bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. 2015-ci ildə isə doğulduğu torpaqdan Milli Məclisin deputatı seçilən M. Abbaszadənin karyerasındakı növbəti yüksəlişi artıq oxuculara bəllidir. Qeyd edək ki,onun son beş ildə deputatlıq fəaliyyəti də o qədər ürəkaçan olmayıb. Dövrü mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda etimadını qazandığı “seçicilərin” Mahir Abbaszadəni o qədər də yaxşı tanımadıqları görsənməkdədir.Fonda rəhbərliyə gəlincə. Burada da Mahir Abbaszadənin heç bir müstəsna xidmətləri yoxdur.O sədəcə vəzifəsini icra edir. Yəni onun yerinə hər hansı başqa bir şəxs təyin edilsəydi belə, bu işlərin görülməsinə nəzarət etmək onun vəzifə borcudur.

Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə elan etdiyi tenderin qalibi “Diadem”MMC olub. Dövlət qurumu sözügedən MMC ilə yuxarıda göstərilən işlərin həyata keçirilməsi üçün 15 aprel 2020-ci il tarixində 70260430.96 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanmışdır.Müqavilə elanında 9 mərtəbəli binalarda mənzillərin sayı göstərilməsə də”Diadem”MMC hər birini orta hesabla 2 mln 422 min manata başa çatdırıb dövlətə təhvil verməlidir.

Qeyd edək ki,”Diadem”MMC cəmi iki il fəaliyyətə başlamasına baxmayaraq ötən il də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilmiş dövlət sifarişlərini həyata keçirib.Təbii biz bunların hamısını incələmək fikrində deyilik.Sadəcə bir sıra fərqi oxucuların diqqətinə çatdırmaq istəyirik.

Qeyd edək ki,cari ilin təkcə mart ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş bir neçə tenderin qalibi çıxan MMC-nin əldə etdiyi dövlət sifarişlərinin qiymətlərindəki fərq bir az müəmmalı görsənir. 13.03.2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 №-li yaşayış binasının tikintisin satınalması üzrə 2836613.66 manat dəyərində, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 №-li yaşayış binasının tikintisinin satınalması üzrə 2836613.66 manat dəyərində,Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 №-li yaşayış binasının tikintisinin satınalması üzrə isə 3092126.13 manat dəyərində müqavilələr bağlanılmışdır. Amma 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinə isə 70 milyon manat vəsait ayrılıb. Müəmmalı görünən də məhz budur.

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası 80 milyon manat civarında müqavilələrin bağlanılmasında cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC-nin hansı yüksək,fərqli xüsusiyyətlərinə üstünlük verib? İnternet üzərindən axtarış etdikdə bir çox iri miqyaslı dövlət sifarişlərini həyata keçirmiş şirkətlərdən fərqli olaraq “Diadem”MMC-nin gördüyü işlər barədə məlumatlar çox azdır. Olan məlumatların əksəriyyəti isə bu MMC-nin yüksək vəzifəli məmurlara aid olduğu bildirilir.

2017-ci ilin dekabrında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində MMC kimi dövlət qeydiyyatına alınmış “Diadem” 13.11.2019 cu il tarixdə təşkilati-hüquqi formasını dəyişərək “Diadem” ASC -yə çevrildiyini elan etsə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə tikinti işlərinin aparılması üçün müqaviləni MMC kimi bağlayıb. 

Qeyd edək ki,”Vergilər” qəzetinin 31 yanvar 2018 ci il tarixli xüsusi buraxılışında şirkətin qanuni təmsilçisi Həmzəyev Həzi Mikayıl oğlu kimi göstərilib. Lakin nazirliyin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda qanuni təmsilçi Bayramov Azər Aslan oğlu olduğu bildirilir. Hər iki şəxsin hüquqi ünvanı Sumqayıt şəhəri,Corat qəsəbəsi məh 71 ev 3 göstərilib Nizamnamə kapitalının cəmi 10 manat olması, qanuni təmsilçilərinin eyni ünvanda fərqli şəxslər tərəfindən yaradıldığının göstərilməsi və üstəgəl yarandığı tarixdən böyük dövlət sifarişləri alması bu MMC ətrafında şübhələri artırmış olur.Ən böyük şübhə isə MMC-nin ancaq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş tenderlərin qalibi olmasıdır. Yəni MMC yarandığı gündən başqa heç bir dövlət sifarişi həyata keçirməyib.Bəs necə olub ki, heç bir böyük layihələrin podratçısı olmayan MMC birdən birə 80 milyon manatlıq layihənin reallaşdırılmasna dövlət sifarişi alıb? O da şübhəsiz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası tərəfindən buraxılan səhvlərin,yaxud da göz yumduqları çatışmamazlıqların sayəsində.

Qısa bir zamanda böyük dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız nəticə vermədi. MMC nin nə qədər işçisi olması, böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün texniki vasitələrin olub,olmaması sual altındadaır. Ən başlıca sual isə bu MMC-nin arxasında dayanan gözəgörünməz gücün kimliyidir.

Aktualinfo.org-un əldə etdiyi məlumatda o da bildirilir ki, “Diadem”MMC məhz məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulan yeni yaşayış məntəqələrinin salınmasına verilən dövlət sifarişlərindən gəlir götürmək məqsədi ilə yaradılıb. Bunları iddia etməyə şübhələr də kifayət qədərdir. Məlum olduğu kimi, Azərbaycanda bu kimi tikinti işlərini həyata keçirmək iqtidarında olan bir çox iri şirkətlər var.Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası nə üçün maddi-texniki bazası olan şirkətləri deyil, məhz “Diadem” MMC-ni seçib? MMC-nin fond rəhbəri Mahir Abbaszadə ilə bağlılığı varmı? Bizi izləyin.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi