Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb
"Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta saxlanılsa belə, rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəbləri çoxdur".
Report.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib.
O bildirib ki, mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik müşahidə olunur: "Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürək bulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahsızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər. Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq mədə yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır".
Ekspert stres, əsəbin mədə-bağırsaq xəstəliklərinə təsirindən danışıb: "Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli xəstələrdir. Stress həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər. Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb. Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal, və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübut edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər".
Bu xəbər üçün şərh yazın