Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb: “Ölkədə çox vacib islahatlara start verilib”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva onları Novruz bayramı münasibətilə təbrik edib.
“Novruz Azərbaycanın ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın, dirçəlişin simvoludur. Adətən Azərbaycanda Novruz bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz də məhz dostluğun, qarşılıqlı hörmətin təzahürüdür.
Əziz qonaqlar, mən sizi bayram münasibətilə ürəkdən təbrik edirəm, sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq arzulayıram.
Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki, Azərbaycanda olduğunuz müddətdə ölkəmizi tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir. Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır. Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız”, – Birinci vitse-prezident bildirib.
Mehriban Əliyeva əlavə edib ki, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Ölkədə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək: “Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Hörmətli xanımlar, fürsətdən istifadə edərək mən sizin fəaliyyətinizi xüsusi vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanda humanitar, sosial sahələrdə icra olunan layihələrə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətli xanımlar, qoy bu bahar sizin üçün nurlu olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə hədsiz xoşbəxtlik, cansağlığı, təmsil etdiyiniz ölkələrə və xalqlara əmin-amanlıq, sülh arzulayıram”.
Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla Leuka “HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, “HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirib. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğulayıb. Qeyd edib ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.
“Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev sahibi olan ölkənin cəmiyyətinin açıqlığı, dostluğu, qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik”, – deyən Alla Leuka təmsil etdikləri “HOMS” təşkilatının gördüyü işlərdən danışdı, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. Bildirib ki, bu cür görüşlər beynəlxalq ictimaiyyətlə ev sahibi olan ölkənin rəhbərliyi və xalqı arasında əlaqələri gücləndirməyin daha bir yoludur.//ONA.az
Bu xəbər üçün şərh yazın