Məhv edilən istedad-

Məhv edilən istedad- Azərbaycanlı balasıdır, Ağstafalıdır

“Şəkildə Kamran Agayevin yanında dayanan oğlanın adı Caviddir.

 Azərbaycanlı balasıdır, Ağstafalıdır. 2003-cü il təvəllüddür, 16 yaşı yenicə tamam olub. 1.95 sm boyu var. Sözün əsl mənasında məktəb keçib. 8 yaşından Agstafada futbolla məşğul olmağa başlayıb, sonra "Qəbələ" Fubol Akademiyasına qəbul olunub, ordan "Neftçi"yə dəvət alıb, "Neftçi"dən sonra "Keşlə"yə keçib. Bu klubun U-17 komandasının əsas qapıçısı olub. Baxmayaraq ki, heç 17 yaşı yox idi, Cəmaləddin Əliyev xüsusi olaraq məşğul olub bu uşaqla. Bacarığını, istedadını görüb "Keşlə"nin əsas komandasına cəlb ediblər. Elə əsl problem də bundan sonra başlayıb”.

Faktinfo.az Yeni Sabah.az-a istinadən  xəbər verir ki, bu sözləri “Facebook” hesabında idman jurnalisti Anar Xanlarov yazıb. O bildirib ki, bacarığı olan bu futbolçuya heç bir klub sahib çıxmır, gəncin istedadı bu səbəbdən itib-batır:

"Keşlə"nin əsas komandasının hazırlığına qoşulandan sonra U-17-nin baş məşqçisi Xəyal Mustafayevlə problem yaranıb. Atasının dediyinə görə əsas komandanın düşərgəsindən qayıdandan sonra Xəyal Mustafayev Cavidi ehtiyatda saxlayıb. Səbəb də bunu göstərib ki, sən əsas heyətdə məşq etmisən, U-17-nin düşərgəsində olmayıbsan, burada başqa uşaqlar əziyyət çəkib və sən onların yerini tuta bilməzsən. Həqiqətən, gülməli səbəb olub. Camaat fəxr edir ki, mənim yaş qrupumdan hansısa futbolçu əsas komandaya cəlb olunur, amma "Keşlə"nin U-17 komandasının baş məşqçisi əksinə, əsas komandaya gedən uşağı ehtiyata göndərir. Bu məsələyə görə də uşaq "Keşlə"dən ayrılmalı olur. Hətta futboldan küsür. Sonradan "Zaqatala" onu heyətinə dəvət edir. Təəssüf ki, burada da onu aldadırlar. Əvvəl deyirlər ki, 300 manat maaş verəcəyik. Müqavilə ərəfəsində deyirlər ki. 300-ə gücümüz çatmır 150 verəcəyik. Atası da deyir ki, cəhənnəm, ən azı cibində 3-5 manat olsun, futbolunu oynasın. Çempionatın başlamasına 3 gün qalmış isə deyirlər ki, ümumiyyətlə, pul verə bilməyəcəyik, oynayırsa havayı oynasın. Uşaq futboldan necə iyrənirsə, çantasını yığıb birbaşa Agstafaya gedir. Atası yazığın ağız açmadığı komanda qalmayıb, hamısı deyir ki, yer məsələsini həll et, götürək komandaya. Mənim bunları yazmaqda məqsədim nədir? Bu uşağı tanımıram. Heç atası ilə də görüşməmişəm. Elə telefonda danışmışıq, kişinin hansı stressi yaşadığını hiss etmişəm, adamın ürəyi ağrıyır. Hər şey qırağa, bu uşaq hazır materialdır. Ölkədə qapıçı problemi var, bunu hamı bilir. Problem də yox, əsl böhrandır. Ölkədə qapıçı yoxdur. Bu uşağın məktəbi də var, potensialı da var. Çünki 1-2 videosuna baxmışam, topa çıxışı,təması bunu deməyə əsas verir. Ən əsası 16 yaş və 1.95 sm boy. Bu boyda qapıçı yoxdu Azərbaycan futbolunda. Mənim elə səlahiyyətim olsa, elə boyuna görə götürüb 1 il üzərində işləyib qapıçı edərəm. Hansı ki, bu uşağın məktəbi də var. İstedadı olmasa, Cəmaləddin Əliyev komanda məşqindən əlavə bu uşaqla fərdi məşq etməzdi. Hamı oturub-durub narazılıq edir ki, Azərbaycanda futbolçu yoxdur. Qardaş, futbolçu var, onları ortaya çıxardan, üzərlərində işləyən məşqçi, mütəxəssis yoxdur. Hərə pulun hesabına bir kateqoriya alır. Sonra da dost-tanışlıqla klublarda, milli komandalarda işə düzəlir, bildikləri bir şey də yoxdur. Məni çox üzən odur ki, bu cür material batıb gedir. Yəni, Premyer Liqada oynayan 8 komanda o günə qalıb ki, bir uşağa qalacaq yer tapa bilmir? Mən o uşağın qalmaq pulunu cibimdən verərəm heyfdir, sahib çıxın bu uşağa. Demirəm, götürün, əsas heyətdə oynadın. Yoxlayın, bacarığına əmin olun, inkişaf etdirin özünüz də xeyir götürün Azərbayan futbolu da.

Atası ilə az öndə danışdım. Deyir ki, həftəsonuna kimi Bakıdayam, daha artıq qalmağa nə yerim var, nə də imkanım. Bir şey alınmasa, qayıdıram rayona. Bir mebel sexi var, uşağı aparıb qoyacağam oraya, usta köməkçisi kimi işləsin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi