Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi Zağulbada 1500-dən çox ağac əkib

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi Zağulbada 1500-dən çox ağac əkib 

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi respublikamızda ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş yaşıllaşdırma tədbirlərində fəal iştirak edirlər.

Cəmiyyətin idarə və təşkilatları bu il dörd dəfə ağacəkmə aksiyası keçirib və hər dəfə  4-5 min ədəd ağac əkib. 

Səhmdar Cəmiyyətdən Faktinfo.az-a verilən məlumata görə,dekabrın 5-də cəmiyyətin Bakı şəhərində yerləşən idarə və təşkilatlarının 200-ə yaxın işçisi paytaxtın Zağulba qəsəbəsində növbəti ağacəkmə aksiyasında iştirak edib.

Onlar qəsəbədə yerli yaşıllaşdırma təsərrüfatlarından alınmış 1500-dən çox şam və müxtəlif meyvə tingləri əkiblər.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının rəhbəri Cahan Məmmədov ağacəkmə aksiyası zamanı bildirib: “Melioratorlar ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması tədbirlərində mütəmadi olaraq iştirak edirlər. Bugünkü aksiya da onlardan biridir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də böyük həvəslə qoşulmuşuq. Dekabrın 6-da bütün ölkə miqyasında keçiriləcək tədbirə biz də xüsusi hazırlaşmışıq. Yaşıllaşdırma tədbiri aparılacaq ərazilər müəyyən edilib, əkiləcək ağaclar həmin əraziyə gətirilib. Melioratorlar sabah paytaxtda və ölkəmizin ayrı-ayrı bölgələrində 20 mindən çox ağac əkməyi nəzərdə tutublar. Əkilən ağacların böyük hissəsini şam ağacları təşkil etsə də, xeyli meyvə ağacları, o cümlədən sitrus meyvələri də var. Bu, geniş miqyasda aparılan yaşıllaşdırma tədbirinə meliorasiya işçilərinin verdiyi töhfə olacaq”.

Qeyd edək ki,aksiya çərçivəsində ərazidə abadlıq-təmizlik işləri də aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib, suvarma xətləri çəkilib. Melioratorlar əkilmiş ağaclara gələcəkdə də qulluq etməyi, vaxtlı-vaxtında suvarmağı öz öhdələrinə götürüblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi Zağulbada 1500-dən çox ağac əkib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi