“MƏN SİYASƏTDƏN ARALANMAMIŞAM…” – Əli İnsanov
Prezident İlham Əliyev əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov media ilə ilk təmasındaca iqtidara meydan oxuyub.
Sabiq nazir hakimiyyətin onu buraxmaq niyyətinin olmadığını, lakin demokratik Avropa və ABŞ-ın təzyiqləri nəticəsində buna məcbur olduğunu deyib. “Mən belə qənaətə gəlmişdim ki, ömrümün sonuna qədər həbsdə qalacam”.
Ə.İnsanov təzyiqlər nəticəsində “kiçik həbsxanadan böyük həbsxanaya” köçürüldüyünü deyib.
“İndi Prezident Aparatının mirzələri böyük humanistlikdən danışacaqlar”.
Sabiq nazir mətbuat konfransı keçirəcəyini və ətraflı açıqlamalar verəcəyini bildirib, fikrini yekunlaşdırıb.
Bundan sonra jurnalistlərin bir neçə sualını cavablandırıb. Bu zaman bir daha Qərbə minnətdarlığını bildirib.
“Demokratik Qərb və mənim minnətdarlıqla yad etdiyim böyük Amerika Birləşmiş Ştatlarının rəhbərliyi və Konqresi, Avropa mənim həbsxanadan çıxmaq üçün ayağımdakı qandalları açdı. Mən çox istəyərdim ki, Azərbaycan xalqı da mənim qolumdakı qandalları açsın”, – bu fikirlərilə isə Ə.İnsanov bundan sonrakı planlarına eyham vurub. O, mübarizəni davam etdirəcəyini bəyan edib.
“Mən siyasətdən aralanmamışam” deyən İnsanov ölkədən heç yerə getməyəcəyini bəyan edib. “Mənim ailəm də hər zaman burda olub”.
14 il ərzində ailəsi, həyat yoldaşı və qızları ilə nə telefonla danışıb, nə də görüşdüyü barədə xəbərləri təsdiq edən sabiq nazir deyib: “Həbsxananın qaydaları var, mən burda biraz oğruların qanunlarına hörmət eləmişəm, burda elə şeylərə yol verilmir. Mən nə nəvələrimlə, nə də yoldaşımla görüşməmişəm. Ancaq bir neçə kişi xeylağı yanıma gəlib-gedib”.
Müxalifətə qoşulub-qoşulmayacağı barədə suala isə, Əşİnsanov özünəməxsus tərzdə cavab verib: “Hər şey Allahın əlindədir! Məlum deyil, mənmi qoşulacam, yoxsa onlar mənə qoşulacaqlar…”//Azpolitika.info
Bu xəbər üçün şərh yazın