“MƏNDƏN AZ QALA ƏMLAKIN DƏYƏRİNDƏ HAQQ TƏLƏB EDİRLƏR…” – Reyestr Xidmətinə ŞOK ittihamlar!
“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır.
Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda REKETLİK edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir…”
Bu fikirləri Prezident İlham Əliyev hələ bir neçə il əvvəl artıq ləğv olunmuş MTN-dəki cinayətkar şəbəkənin iş adamlarının başına açdığı oyunlar haqda danışarkən bəyan etmişdi. Onun bu açıqlamasından az sonra MTN-dəki cinayətkar şəbəkənin üzvləri cinayət məsuliyyətinə cəlb olunaraq, həbsə alındılar.
Bu dəstənin ifşasından və həbslərdən sonra iş adamları paqonlu “reketlərdən” xilas olduqları üçün müəyyən müddət rahat nəfəs aldılar. Ancaq son vaxtlar “AzPolitika.info”ya daxil olan şikayətlər göstərir ki, Prezidentin xəbərdarlıqlarını “unudaraq”, yenə də sahibkarlardan külli miqdarda rüşvət tələb edən, hətta bir qədər də irəli gedərək reketçilik həvəsinə düşən məmurlar, məsul şəxslər var…
Bizdə belə bir fikrin yaranmasına səbəb olan şikayətlərdən biri haqda məlumat verməzdən öncə bu günlərdə “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” (!) mövzusunda keçirilən tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilovun sözlərinə diqqəti çəkmək istərdik.
“Əmlakın qeydiyyatı gostəricisinə görə Avropa ölkələrini qabaqlamışıq” deyən Rafiq Cəlilov, daşınmaz əmlakın qeydiyyatında “şəffaflıq və innovasiyalar” haqqında uzun-uzadı danışıb. Hətta tədbir iştirakçılarını və medianı inandırmaq istəyib ki, bu sahədə Avropa yalan olub, biz doğru.
Lakin görünən budur ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində “şəffaflıq və innovasiyalar” hələ də azərbaycansayağıdır – Avropanı nədə ötüb keçdiyimiz isə müəmmalı və qaranlıqdır.
Hər halda qanuni əmlakını dövlət qeydiyyatına aldırmaq istəyərkən qanunsuzluq, süründürməçilik və 6 rəqəmli rüşvət tələbləri ilə üzləşən Bakı sakini Hüseynov Nəcəf Ramazan oğlunun “AzPolitika.info”ya şikayəti belə deməyə çox ciddi əsaslar verir.
N.Hüseynov Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/s, Elşən Süleymanov küçəsi 74C ünvanında yerləşən qeyri-yaşayış binasının sahibidir. Əlində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0941825 saylı “Çıxarış” da var. Sahibkar deyir ki, “Çıxarış”lı obyekti üzərində yenidənqurma işləri apardıqdan sonra yenidən “Çıxarış” almaq üçün Reyestr Xidmətinə müraciət edib.
Bu zaman müəyyən tələbləri yerinə yetirmədiyinə görə isə süründürməçilik və qanunsuzluqla qarşılaşıb – Reyestr Xidməti yenidənqurmadan sonra onun əmlakına “Çıxarış” və texniki pasport verməkdən imtina edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində N.Hüseynovun müraciətinə qeyri-qanuni münasibət göstərildiyi daha sonra məhkəmə qərarı ilə də rəsmən təsdiq olunub. Bu haqda bir qədər sonra.
Hələlik N.Hüseynovun təqdim etdiyi sənədləri nəzərdən keçirək. Vətəndaş öz əmlakı üzərində apardığı yenidənqurma işlərinin qanuni olduğunu sübut etmək üçün, biri məhkəmə qərarı olmaqla, ümumilikdə 9 növdə sənədin fotosürətini bizə təqdim edib.O, bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 17.03.2017-ci il tarixdə təsdiqlənmiş layihə əsasında işlər başa çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 fevral 2018-ci il tarixdə İstismara hazırlıq Aktı tərtib edilərək ona təqdim edilib. Bundan bir neçə gün sonra isə Nizami Rayon İcra Hakimiyyəti Tikinti obyektinin istismarına icazə sənədini tərtib edib. Tələb olunan digər sənədlər də (Onların fotosurətləri yazıya əlavə olunur-red.) əldə olunduqdan sonra N.Hüseynov reyestrdən çıxarış və texniki pasportun verilməsi xahişi ilə Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Lakin burda sahibkarla qeyri-rəsmi söhbətlər uğursuz yekunlaşdığından Reyestr Xidməti ilkin dövrdə hətta onun sənədlərini qəbul etməkdən belə imtina edib. Sahibkar sənədlərinin qəbul olunmasına bir neçə cəhddən sonra nail olub.
Rəsmi dövlət binasında qeyri-rəsmi söhbətlərdə isə Reyestr Xidmətinin Emin və Samir adlı əməkdaşları (Birincinin ƏMDK sədri Kərəm Həsənovun yaxın qohumu olduğu haqda məlumatlar var-red.) tərəfindən reyestrdən çıxarış və texniki pasportun verilməsi qarşılığında N.Hüseynovdan az qala əmlakın özünün dəyəri qədər “haqq” tələb olunub. N.Hüseynov isə bütün sənədləri qaydasında olduğundan, təbii ki, bu tələbləri rədd edib.
Bundan sonra sahibkar sənədləri poçt vasitəsilə Reyestr Xidmətinə göndərdiyindən məcbur olaraq qeydə alıb və rəsmi imtina cavabı təqdim etməli olublar. İmtina heç bir tutarlı arqumentlə əsaslandırılmayıb.
N.Hüseynov imtina qərarını əldə etdikdən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldırıb. O, Bakı şəhəri, Nizami rayonu, 8-ci koilometr yaşayış sahəsi 74C ünvanında yerləşən 3 mərtəbəli zirzəmili qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş edib.Məhkəmə ətraflı araşdırmadan sonra iddianı təqdim edib.
Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bundan sonra da geri çəkilmək istəməyib və bu məhkəmə qərarından apellyasiya şikayəti verib. Hazırda apellyasiya şikayətinə baxılır və Reyestr Xidmətinin nümayəndəsi şikayəti müdafiə etmək üçün bircə tutarlı arqument də təqdim edə bilməyib.
Bütün bu süründürməçiliyin, qanunlara aşkar sayğısızlığın isə bir məqsədi var: sahibkarı uzun-uzadı məhkəmə çəkişmələrində yoraraq əldən salmaq, hətta lazım gələrsə son mərhələdə məhkəməyə təzyiq etməklə ona istədikləri şərti diktə etmək!Sahibkarın əlində olan qalaq-qalaq sənədlər isə, belə görünür ki, Reyestr Xidmətinin vəzifəli şəxslərinin tamahı qarşısında adi kağız parçasından başqa bir şey deyil.
Hətta məhkəmə qərarından sonra belə Reyestr Xidmətinin qanunsuzluqdan geri çəkilməməsi sahibkarı ölkə Prezidentinə üz tutmaq məcburiyyətində qoyub. O, Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır: “Cənab Prezident, Siz, Azərbaycanda sahibkarların ən böyük dəstəkçisisiniz! Dəfələrlə keçirdiyiniz müşavirələrdə, digər çıxışlarınızda məmurlardan tələb edibsiniz ki, onlar sahibkarların hüquqlarını tapdamasın, süründürməçiliyiə salmasın, incitməsin, ən əsası isə onlara qarşı qeyri-qanuni tələblər irəli sürməsinlər. Lakin təəssüf ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hələ də Sizin bu xəbərdarlıqlarınıza və tələblərinizə laqeyid yanaşan məmurlar var.
Cənab Prezident! Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/s, Elşən Süleymanov küçəsi 74C ünvanında yerləşən mənə məxsus qeyri-yaşayış binasının üzərində yenidənqurma işləri apardıqdan sonra reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aylardır məni süründürməçiliyə salır və qeyri-qanuni tələblər irəli sürürlər. Mən məcburiyyət qarşısında məhkəməyə müraciət edib, burda qalib gəlsəm də bu süründürməçilik davam edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxsləri qanunlara və məhkəmə qərarına əməl edərək, mənim əmlakıma dair reyestrdən çıxarış vermək əvəzinə apellyasiya şikayəti verir və beləliklə də məni aylar, illərlə məhkəmələrdə süründürməklə bezdirmək və məqsədlərinə nail olmaq istəyirlər. Bu, düşünülmüş şəkildə sahibkarlığa zərbə vurmaq, onu maddi-mənəvi zərərə salmaqdan başqa bir şey deyil.
Cənab Prezident, xahiş edirəm bizi bu süründürməçilikdən qurtarın!”
Yazını Prezident İlham Əliyevin fikirləri ilə başladığımız kimi, onun sözlərilə də bitiririk: “Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Bəs görəsən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyi necə düşünür:sahibkarların, o cümlədən N.Hüseynovun onlara hansı səbəbdən və nə qədər borcu var?! Buyursun, bunu da hüquq-mühafizə orqanları araşdırsın…
Mövzuya qayıdacağıq.
Murad MƏMMƏDOV
AzPolitika.info
Bu xəbər üçün şərh yazın