"Mənzillərin məcburi sığortası qanunsuzdur"– “Bu tələb ləğv edilməlidir...”

"Mənzillərin məcburi sığortası qanunsuzdur"– “Bu tələb ləğv edilməlidir...” 

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.

 Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

İyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

İqtisadçı Samir Əliyev bildirir ki, daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub.

Onun sözlərinə görə, 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

İqtisadçı xatırladır ki, 2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir.

“Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər”, - o əlavə edib.

S.Əliyev xatırladır ki, 2019-cu ildə bu məsələ gündəmə gələndə cəmiyyətin təpgisi nəticəsində sığorta şirkətləri geri çəkilməyə məcbur oldu: “Yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bunun avtomobillərin icbari sığortası ilə qarışdırmaq düz deyil. Çünki avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında tətbiq edilir. Mənzillərin sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.

Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir”.

Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? İqtisadçı deyir ki, bu daha çox sosial məsələ olduğu üçün hökumətin cərimə məsələsində çox dərinə gedəcəyinə inanmır: “Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”.

“Elə ərazilər var ki, sığorta şirkətləri üçün cəlbedici deyil, yəni heç bir şirkət maraqlı olmayacaq onlarla müqavilə imzalasın. Bu halda qanunvericiliyin icrası necə olacaq?”, -ekspert sual edir.

/Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər