“Məsələnin mahiyyətindən çox, onun yerli-yersiz gündəmə gətirilməsindən narahatam…” -Nadir İsrafilov
Təhsil eksperti Nadir İsrafilov özünün “Feysbuk” profilində deputat Gövhər Baxşəliyevanın parlamentdə Azərbaycanda son illər rus sektorunda oxuyan uşaqların artması tendensiyasından narahatlığına münasibət bildirib.
Milli Məclisin deputatı Kamilə Əliyevanın “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun” təklifindən sonra bu açıqlama ətrafinda yaranan qalmaqallar hələ səngiməmiş, “EurasiaNet” xətti ilı Amerika, Rusiya və bir çox digər nəşrlərin Azərbaycanda rus məktəblərinin durumundan yazdıqları bir ərəfədə digər bir deputat Gövhər Baxşəliyevanın “birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır, amma biz sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil ana dilində olmalıdır” kimi Milli Məclisdəki çıxışı zamanı dediyi sözlər bir daha onu göstərir ki, “bu xəmir hələ çox su aparacaq.”
Heç kəs inkar edə bilməz ki, Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlim rus dilində olan məktəblərdə Azərbaycan dilinin, Azərbaycan bölmələrində isə müvafiq olaraq rus dilinin tədrisinin zəifliyi və ya valideynlərin müəyyən qrupunun övladlarının təhsillərini məhz rus dilində alması istəyi isə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, 50 məktəbdə rus dilinin intensiv tədrisi haqqında əmr imzalamışıq, bir universitetimiz və iki filialımız olduğu halda, Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılmasını - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filiallarını açmağı planlaşdırırıq, bir yandan da dövlətlərarası münasibətlərə təsir göstərə biləcək təkliflər səsləndiririk. Bunu necə başa düşmək olar? Rus dilində təhsilə hər hansı bir məhdudiyyət qoyulması barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşmirikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Bəli, son 5-10 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu o deməkdirmi ki, rus dili ilə bağlı məsələləri tez-tez gündəmə gətirib, təhsilimizdəki, bütövlükdə cəmiyyətimizdəki bütün problemlərimizi bu dilə artan maraqla əlaqələndirək? Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər
sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini unutmaq və ya inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.
Qənaətim odur ki, belə açıqlamalar verməklə, sanki təhsilimizin problemləri azmış kimi, təhsilimizə bir daha yeni əlavə problemlər yaradırıq. Problemi qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək təhsilin hansısa bir probleminin həlli deyil, təhsilə əlavə problem yaratmaq deməkdir. O da başa düşüləndir ki, bu kimi təkliflər doğma ana dilimizə olan məhəbbətdən, rəğbətdən və diqqətdən irəli gəlir. Lakin unutmayaq ki, bu kimi təkliflərə başqa rəng verənlər, onu siyasi məcraya yönəldənlər də az deyil. Bir də ki, Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq aiilələr var. Qanunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Mən isə, şəxsən qaldırılan məsələnin mahiyyətindən çox, bu məsələnin tez-tez gündəmə gətirilməsindən narahatam...
Bu xəbər üçün şərh yazın