Məzarlar da danışır

Məzarlar da danışır 

Məzarlar da zamanla,

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da,

Fəhləyə məmur olur.


Məzar var ki, başında

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.


Məzar var, il boyu

Həmişə yada düşür.

Məzar var, tarix boyu,

Heç ora yolun düşmür.


Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.


Adama elə gəlir,

O daşlar da danışır

Ona yaxın məzarla,

Öz dərdini paylaşır.


“Şəhriyar”


Bir dahi uyuyur qonşu torpaqda

Adı Şəhriyardı, özü dəryadır.

Sözü, kəlməsi dürri-yektadır

Amalı türk olan bir bəxtiyardır.


Bir görmək istədi, öz millətini

Çəkdi daxilində acı zilləti.

Qəlbi bu eşqlə hey çırpınırdı,

Gözündə qor kimi şimşək çaxırdı.


Yanıb odlanırdı, sözdə, sətirdə

Bir xalq, dövlət, torpaq üstündə

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.


Azadlıq məlhəmin çəkib yaraya

Vətən nisgilinə dərman edirdi

O taylı-bu taylı doğma elinə,

Ürəyi qubarlı salam deyirdi.


Heydərbaba onsuz qalıb gileyli

Öz elində olub indi yadelli

Sarıbaba düşüb xeyli aralı,

Səsi gəlmir qəlbi olub yaralı.


Neçə əsər yazılıbdır şəninə

Mahnı qoşub, söz deyiblər şeirinə

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.


Gecikirsən, ay ürək


Arzuları bir-bir gerçək etməyə 

Vaxt azalıb, gecikirsən, ay ürək. 

Bu həyatda əməl qoyub getməyə, 

Gecikirsən, bir az tələs, ay ürək.


Çoxdandır heç yoxlamırsan özünü

 Bəlkə sağlam, bəlkə xəstəsən bilək.

 Deyirdin ki, qəm bağlayıb üzünü 

Gecikirsən sil dərdini, ay ürək.


Hiss edirəm, içində bir boşluq var 

Vaxt ötsə də, dola bilmir bu ürək. 

Çox sakitsən, bilirəm ki, sözün var 

Töküb, boşalt öz içini, ay ürək.


Pünhan tutmusan neçə sirrini, 

Bilirəm vəfada tayın yox ürək.

 Hərçənd bilməsələr bəzən qədrini,

 Gecikirsən, üsyan elə, ay ürək.


Əvvəlkitək zövq almaqda acizsən 

Əl-qolunu itirmiş bir əlilsən.

 Son mənzilin uzaq deyil bilirsən

 Gecikirsən, aman yoxdur, ay ürək.


Alov kimi 


Bu bahar da payız kimi, 

Sarı, qırmızı keçdi.. 

Yaşıllığı görmədim 

Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri, 

Yaman qarışdırmışam 

Bircə sən qarışmırsan. 

Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.

 Dünən küləklə qar, 

Yaman çovğun yaratdı

 Bütün cismim üşüdü.

Təkcə başımdan başqa

 Orda elə qalmısan, 

İsti daş kömür kimi 

Məni yaman qızdırır,

 Xəyalın alov kimi...


Yarımçıq sevgilər 


Məhəbbət yolunda yıxılmaq olar 

Yetər ki, qalxmağa bir yolun olsun. 

Ayrılıb, yenidən sevmək də olar 

Yetər ki, sevməyə bir üzün olsun.


Bir ürək nə qədər sevgi daşıyar? 

O olar, bu olar, o biri olar 

Qəlb boxça deyil, kim gəldi tuta 

Axırda cırılıb, partlayıb daşa


Demə sevənlərim günahkar idi 

Yarı yolda qoyub, tərk etdi məni 

De mən qəlbimi açıq qoymuşam, 

Hər gələn atını oynadıb getdi.


Bir gün geriyə dönüb baxanda 

Alnının qırışı çaşdırar səni 

Yarımçıq sevgilər bir alov kimi 

İçində qaynayıb, yandırar səni.



Dəniz boyda sevgim...


Gəlmişəm yenə də dəniz seyrinə, 

Qəmli fikirlərlə həsrət ötürüm.

Baxıram dənizin ucqar yerinə

 Deyirəm təəssüf mənim sevgimə.


Bir vaxtlar dənizi birlikdə sevdik 

Gəlib kənarında, qışı yay etdik. 

İndi bu yerlərə yalnız gəlirəm

 Çılğın dalğalarla köks ötürürəm.


Gələrdik dənizə görüşmək üçün

 Qol-boyun olub, sarılmaq üçün. 

İndi tək-tək gedirik, düşünmək üçün 

Oturub kənarda ağlamaq üçün


Dəniz boyda sevgim, deyərdin mənə 

Mən də can deyib, baxardım sənə

 İndi bu sularda üzün görünür, 

Böyük ləpələrdə səsin duyulur.


Əyyub Məmmədov 

  şair,jurnalist

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi