Mikrosahibkarlar yanvar ayından 20%-lik gəlir vergisi ödəyəcəklər? - Deputat aydınlıq gətirdi
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə yaradıb.
Ekspert Rövşən Ağayevin qənaətinə görə, mikrosahibkarlardan alınan 5%-lik güzəştli gəlir vergisi yanvar ayından 20%-lik gəlir vergisinə keçəcək. Məsələn, 1000 manat gəlirə görə 50 manat vergi ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq...
Faktinfo.az xəbər verir ki,aparılan müzakirələrə aydınlıq gəitrən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Pravda.az-a açıqlamasında bildirib ki, 2024-cü ildə vergi optimallaşdırılması nəticəsində vergi yükü aşağı düşəcək.
“Vergi qanunvericiliyində mikrosahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi ödəyicisi kimi hüquq və vəzifələr müəyyənləşib. Fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, yəni 5 dərəcə ilə yanaşı, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin də vergi hüququ müəyyənləşib. Belə ki, bu şəxslər gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyindən əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20% dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu sahədə vergilərin dərəcələrinin artırılması nəzərədə tutulmur”, - deputat deyib.
A.Hüseynov bildirib ki, 2024-cü ildə vergi qanunvericliyi optimallaşdırılacaq, vergi güzəştləri davam etdiriləcək və nəticədə vergi yükü aşağı düşəcək: “Belə ki, gələn il bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcək. Vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10%-dən 15%-ə qaldırılması gözlənilir. Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur”.
A.Hüseynov deyib ki, biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur: “Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal – elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai təyinatlı mənfəət vergisi üzrə azadolmanın artırılması vergi siyasətində yer alacaq. Ümumilikdə, 2023-cü ilin sonunda müddəti tamam olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif olunur”.
Bu xəbər üçün şərh yazın