Millət vəkililə bəstəkar arasında söz davası qızışdı- Səni xalqmı seçib, yoxsa iqtidar təyin edib? Bunu təhlil et.
Millət vəkili Fazil Mustafa ilə bəstəkar Cavanşir Quliyev arasında qalmaqal yaranıb.
BakuPost.az xəbər verir ki, hər iki tanınmış şəxs sosial şəbəkədə söz davasına çıxıblar. Belə ki, professor Qulu Məhərrəmli Fazil Mustafa ilə birlikdə Günaz TV internet kanalında yayımlanan "Mətbuat aynasında” verilişində Bayraq Bayramı ilə bağlı çıxış edib. O, verilişdən fotoları və videonu öz Feysbuk hesabında paylaşıb. C.Quliyev paylaşımın altında F. Mustafanı tənqid edən şərh yazıb: "Bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir və bunu açıq bəyan edir. Himn qəbul olunarkən (1992) hökumətdə idi və susdu”.
F.Mustafa da öz növbəsində bəstəkara sərt cavab verib: "Qulu Məhərərmli bizim bayraqla bağlı Günaz TV-də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla, bir qrup geri zəkalı fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da, bir arpa boyu ağıllanmayıblar. Mənim himn də, bayraq da daxil olmaqla, istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşüvənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.
Onun bu sözləri Cavanşir Quliyevi qəzəbləndirib və söz davası bir qədər uzanıb: "Sənin xuliqanlığına cavab verməyəcəyəm, Fazil. O ki qaldı təhlilə, təhlil olunmalı sənsən – səni xalqmı seçib, yoxsa iqtidar təyin edib? Bax bunu təhlil et.
O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerindən hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları hardan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən!
Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”
F.Mustafa onun ittihamlarını cavabsız buraxmayıb: "Təəssüf edirəm ki, bunca müddətdə müdrikləşmək əvəzinə həqiqətən də bir cahil kimi danışırsınız. Bu cür səviyyəsiz ittihamların cavabını verəcək qədər bu millət qarşısında alnım açıqdır. Siyasət əbədi nifrət üzərində qurulmur, mümkün şərtlərdə cəmiyyətə xidmət üzərində qurulur. Ümid edirəm ki, bu cür nifrətlə köklənmiş düşüncələrin nə qədər zərərli olduğunu nə zamansa idrak edəcəksiniz”.
Bu xəbər üçün şərh yazın