Milli Kitabxanada “Ərtоğrul Cavid -105” və “Professor Alxan Bayramoğlu - 70” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub - FOTOLAR
Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrul Cavid 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olub.
O, 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, 1941-42-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında böyük Üzeyir Hacıbəyovun sinfində musiqi təhsilini davam etdirib. Sovet rejiminin repressiya qurbanlarından birinə çevrilən Hüseyn Caviddən sonra "vətən xaininin oğlu” kimi qara ləkəli bir damğanı çiyinlərində daşımağa məcbur edilən Ərtoğrul Cavid 24 illik qısa, lakin mənalı bir ömür yaşayıb. Ərtoğrul Cavidin Azərbaycan şifahi xalq ədəbiyyatının, xalq mahnılarımızın və milli oyun havalarımızın tədqiq olunmasında, toplanmasında, eyni zamanda nota köçürülməsində böyük xidmətləri var.
Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrul Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.
Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu 22 oktyabr 1954-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Alxan Bayramoğlu gənclik illərindən başlayaraq fəal, işgüzar və fədakar ziyalı kimi tanınıb, elmi-mədəni tədbirlərdə, konfrans və simpoziumlarda, ictimai işlərdə fəal iştirak edib, mənsub olduğu kollektivin dərin hörmətini qazanıb.
1986-ci ildə “M.Ə.Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını, 1998-ci ildə “Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)” mövzusunda doktorluq dissertasiyası müdafıə edib. Bu dissertasiya ilə o, Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın regional aspektdə tədqiqinin əsasını qoyub.
“Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)”, “M.Ə.Sabir (qısa tərcümeyi-hal)” və “Mirzə Ələkbər Sabir (həyatı və əsərləri)”, “Qafqaz imdadına çatan türkün könül nəğmələri”, “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat”, “Hüququnu dərk edən kəslər” və s. monoqrafıyaların müəllifidir.
elmi fəaliyyətlə yanaşı, tədris sahəsində də çalışır. O, Bakı Dövlət Universitetinin professorudur. Bu sahədə fənn proqramları və dərs vəsaitlərinin müəllifidir.
Milli Kitabxanada “Ərtоğrul Cavid -105” və “Professor Alxan Bayramoğlu - 70” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
Sərgidə Ərtoğrol Cavidin musiqi notları, həyatı və bədii yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar və dövri mətbuatda çap olunan məqalələr, ədəbiyyatşünas-alim Alxan Bayramoğlunun isə müəllifi olduğu əsərləri, tərcümələri, redaktor, ön söz, rəyçi olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın