Milli Kitabxanada "Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)" adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)" adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Azərbaycanın tanınmış görkəmli ədəbiyyatşünas və folklorşünas alimi Salman Məmmədəmin oğlu Əsgərov Şəkinin Gəncəli məhəlləsində 20 may 1884-cü ildə tacir ailəsində göz açıb. O, ilk təhsilini Aşqabadda alıb.

 Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib.

1908-1909-cu illərdə “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə “Xortdan bəy”, “Sağsağan”, "Sərçə", "Sərçəqulubəy", "Moz bəy", "Aşqabadlı", "Türkməndost", "S.Əsgərov", "S.M.", "Mümtaz" və s. kimi imzalarla yazıları, satirik şeiri, məqaləsi, məktubu və mənzum felyetonu dərc olunub.

Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir.

İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz Salman Mümtaz nəşr etdirib.

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilib. Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

Mədəniyyət tariximizin fədakar tədqiqatçısının xatirəsi yaddaşlarda yaşayır. Belə ki, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi onun adını daşıyır.

Milli Kitabxanada  “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Görkəmli şəxslər Salman Mümtaz haqqında”, “Salman Mümtazın istintaq işi haqqında sənədlər”, “Nəşrlər”, “Haqqında”, “Xatirəsinin Əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya" bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/S.Mumtaz/index.html  linkindən istifadə edə bilərlər.

Faktinfo.az



 



 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi