Milli Kitabxanada "Professor Asif Rüstəmli" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Professor Asif Rüstəmli" adlı kitab sərgisi açılıb 

Görkəmli ədəbiyyatşünas alim, dəyərli ziyalı, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur.

Faktinfo.az xatırladır ki,Asif Heydər oğlu Rüstəmli 1954-cü il fevral ayının 16-da Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universi­tetini (indiki BDU) bitirib.

O, 1988-ci ildə Nizami adına Ədəbiy­yat İnstitutuna müsabiqə yolu ilə daxil olub, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlib, 1991-1995-ci illərdə Folklor Sarayı el­mi-mədəni mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri vəzifələrində işləyib, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri ol­ub.

Asif Rüstəmli 1994-cü ildə elmlər na­mizədi, 2009-cu ildə dosent elmi adını, 2011-ci ildə elmlər doktoru elmi dərəcə­sini alıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitu­tunun Elmi Şurasının üzvü, 2012-ci ildən ADMİU-nun professoru, 2013-cü ildən BDU nəzdində fəaliyyət göstərən Disser­tasiya Şurasının üzvü, 2015-ci ildən AYB tərkibində Cəfər Cabbarlı Komissiyasının sədridir.

O, 2010-2017-ci illərdə İnstitut Həm­karlar İttifaqı Komitəsinin sədri vəzifə­sində çalışıb. 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə” sənədli filmləri çəkilib, Moskvanın “Kinoprodukt” Studiyasının çəkdiyi “Əfsanənin əks üzü” seriyasından “26 Bakı komissarı” sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.

1992-1996-cı illərdə Azərbaycan Tele­viziyası ilə gedən “Yaddaş”, “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı olub. ADMİU-da mətnşü­naslıq, redaktənin əsasları fənlərini tədris edib (1996-2019). Bir sıra namizədlik dissertasiyalarının opponenti olub. Ankara, Bağdad, Tehran, Təbrizdə, Bəsrə, Urmiya, Varşava, Tomsk, Elazığ, Buda­peşt, Diyarbəkir, Astanada və Balıkəsirdə keçirilən beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub.

Asif Rüstəmli Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatı (1994), C. Cabbarlı Mükafatı Komissiyasının “Xü­susi diplom”u (2001), “Qılınc və qələm” beynəlxalq ədəbi mükafatı (2004), Var­şava Universitetinin “Sertifikat”ı (2007), Elazığ (Türkiyə) valisinin xüsusi mü­kafatı (2010), “Cəfər Cabbarlı mükafa­tı” (2010), İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin “Türk Ədəbiy­yatına Xidmət Baratı” (2013), AMEA Rə­yasət Heyətinin “Fəxri fərman”ı (2014), Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin “Türk edebiyyatı­na hizmet” Uluslararası Ödülü (2014), L.N.Qumilyev adına Avroaziya Milli Uni­versitetinin Sertifikatı (2014), Azərbay­can – Türkiyə Dostluq Dərnəkləri Fede­rasiyasının mükafatı (2014), “Ağa Musa Zirvəsi” mükafatı (2015), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “İlin Alimi” (2017) mükafatı ilə təltif edilib.

Asif Heydər oğlu Rüstəmli 2018-ci ildə professor elmi adına layiq görül­üb. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Hu­manitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasi­ya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvü olub.

Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada prof. Asif Rüstəmlinin  yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Sərgidə müəllifin əsərləri, tərcümə etdiyi, rəy və ön söz yazdığı, tərtibçi və redaktoru olduğu, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə açıq olacaq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər