
Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Faktinfo.az xəbər verir ki,12 iyul 2026-cı il tarixində Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Tovuz_doyusleri_Zefere_geden_yol/index.htm linkindən istifadə edə bilərlər.
Tovuz döyüşləri Vətən müharibəsində qazanılan böyük qələbənin başlanğıc məqamıdır.
Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Lakin bu qələbələrin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt və Tovuz döyüşlərini də unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırıb.
Xalq Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşib haqq savaşına qalxaraq, 30 illik həsrətə son qoyub, 200 illik erməni xülyasını məhv edib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.
Bu gün Şuşada, Xankəndidə və bütün sərhədlərimiz boyu Azərbaycan bayrağının dalğalanması onu deməyə əsas verir ki, Tovuz döyüşləri tarixi Zəfərə dönüş anı, böyük qələbəmizin başlanğıc məqamıdır.
Faktinfo.az














Bu xəbər üçün şərh yazın