"Milyonlar ayrılır,adi xilasetmə döşəkçələri yoxdur,katibələr Land Crusier sürür"- FHN-ə sərt ittiham
“Ölkəmizdə dünyanın əksər ölkələrində olmayan bir nazirlik var - Fövqəladə Hallar Nazirliyi.
Dövlət büdcəsindən bu nazirliyə on milyonlar ayrılır, o da həmin pulun çox hissəsini ofşor hesablara köçürür, qalanı ilə də “kasıbçılıq” edir”.
“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli FHN-in yanğınsöndürmə əməliyyatlarını şərh edərkən deyib. O, qeyd edib ki, birmərtəbəli Narkoloji Dispanser binasında 25 nəfər insan yanıb külə döndü amma FHN yanğını söndürə bilmədi: “Dənizdə neftçilər batır, xilas edə bilmir, məlum olur ki, xilasetmə texnikası yoxdur, sağ qalan neftçiləri BP-nin gəmisi platformadan çıxarır.
Şəhərin mərkəzində səhərdən axşamadək yaşayış binası yanır, məlum olur ki, beş mərtəbədən yuxarı qalxan kranları, adi xilasetmə döşəkçələri yoxdur. Nəticədə uşaqlı-böyüklü 15 vətəndaşımız saatlarla imdad diləyə-diləyə tüstüdən boğulub ölür.
Elementar xilasetmə texnikaları yoxdur, ancaq nazirlikdə məsul vəzifəlilərin nəinki özləri, hətta katibələri də aşağısı Land Crusier-də gəzir”.
G. Hacıbəyli bildirib ki, bu gün də 8-ci kilometr ərazisində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb külə dönüb, orada çalışan insanlara böyük maddi ziyan dəyib amma FHN həmişə olduğu kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb”: “Siz, ümumiyyətlə, yanğın bitməmiş FHN-in hansısa yanğını söndürməsi faktını xatırlayırsınız?! O zaman bu nazirlik nəyə lazımdır?! Kimlərinsə qohum-əqrabalarına, katibələrinə lüks həyat yaşatmaq üçünmü, yoxsa ofşorlara rahat pul daşımaq üçünmü?! Belə səriştəsiz, yarıtmaz, korrupsioner idarəetmə ilə ölkəni diz çökdürdülər”.
Bu xəbər üçün şərh yazın