Milyonları talayan məmurlar azadlığa çıxır – “Rabitə işi”

Milyonları talayan məmurlar azadlığa çıxır – “Rabitə işi” 

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Onlara şərti cəza təyin edilib.

Zamində olan təqsirləndirilən şəxslər məhkəmə zalından sərbəst buraxılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının alınması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarına xərcləyiblər.

Lakin onların işi Vidadi Zeynalov və Aztelekom MMC-nin baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb və ittihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.

Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi