MİS-lər daha mənzil pulu yığa bilməyəcək – Dəyişiklik
Prezidentin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.
Bu barədə iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, bu vaxta qədər özəlləşdirilmiş mənzillərə xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilirdi:
“Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi. Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalinin öz üzərinə buraxılır”.
Ekspert Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlı dəyişikliyə də münasibət bildirib:
“Qanuna dəyişiklik MİS-lərin mənzil idarəçiliyindən uzaqlaşdırılması istiqamətində daha bir addım oldu. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur”.
Bu xəbər üçün şərh yazın