“Modern Hospital”dan səhv müalicə- Ayağı kəsildi...
Jurnalist Məmməd Həmidovun qohumu “Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub.
Unikal.org-un məlumatına görə, şikayətçi bildirib ki, avqustun 18-də “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:
“Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı “Modern Hospital”da müalicə etdilər. Nəticədə, xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili şəkildə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı “Modern Hospital”da onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi.
Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə “Modern Hospital”ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün “Modern Hospital”a ödədikləri iki min manat pul onlara qaytarılsın ki, çox borca düşməsinlər.
Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın