“Müharibə uzun sürəcək” – İsrailli səfir
"Qan vermək üçün gözləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır".
Faktinfo.az APA.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var:
“Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq. Biz birik. Və biz qalib gələcəyik”.
Beynəlxalq ictimaiyyətə müraciət edən diplomat qeyd edib ki, bu, yaxşı ilə şərin, doğru ilə batilin savaşıdır:
“Doğru tərəfdə olduğunuzdan əmin olun və İsrailin özünü müdafiə etmək hüququnu bütün lazımi vasitələrlə dəstəkləyin. Bu müharibə uzun sürəcək, çətin olacaq – amma biz nə etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq”.
Səfir həmçinin Azərbaycan xalqına təşəkkür edib:
“Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirdi. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, whatsapp və zəng aldığımızı saymağı dayandırdım.
Səfirliyin darvazasına gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır.
İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!”.
Bu xəbər üçün şərh yazın