Narkotiklər dünyaya Şirvan və Cəlilabaddan paylanılır – Əli Həsənovdan şok açıqlamalar
“Azərbaycana daxil olan narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir və İrandan gətirilir”
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov deyib.
O bildirib ki, Azərbaycanın 5 cənub rayonu- Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən Əfqanıstan mənşəli narkotiklər daxil olur:“Daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır”.
Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb: “Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.
Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayanlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir”.
Bu xəbər üçün şərh yazın