Natiq Cəfərli: “Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir”
“Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib ki, “Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir, şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib”.
Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir. Daha sonra Əli Əsədov etiraf edib ki, “Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir, beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”. Həm Baş Nazir, həm də hökumətin digər üzvləri həmişə nəticədən danışırlar, səbəbləri deyə bilmirlər və həmişə də ölkədə mənfi nə baş verirsə, bunu beynəlxalq problemlərlə izah etməyə çalışırlar. Halbuki, bütün problemlərin kökü də, həlli yolları da Azərbaycan hakimiyyətindən çox asılıdır”.
Bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, dövlət tərəfindən Tarif Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı çox səhv, yanlış, absurd və mənasız qərardır, dərhal bu tənzimlənmə mexanizmi ləğv edilməlidir: “Bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar, böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər. Digər bir məsələ gömrük rüsumları və vergilərlə bağlıdır. Bu məsələ ki, birbaşa hökumətdən, parlamentdən asılıdır, bunun beynəlxalq səbəblərlə nə əlaqəsi var?! Ölkədə dərman pereparatlarına 18% ƏDV var, niyə olmalıdır ki?! Nədən sıfırlanmır, nədən azadılmır, niyə gömrük rüsumları tam ləğv edilmir, axı Əli Əsədov özü etiraf edir ki, biz 95% dərmanları xaricdən gətiririk, yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var, daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür, bizdə olmayan istehsalın nəyini qoruyurlar?! Hökumət anlamırmı ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır?! Bilirlər, yaxşı bilirlər, amma hesabatlı və seçkili hökumət olmadığı üçün vətəndaşdan-seçicidən asılı deyillər, ona görə də vergi-rüsum siyasətində bildiklərini “oxuyurlar””./Pravda.az
Bu xəbər üçün şərh yazın