Natiq Miri: “Ərdoğan Türkiyə tarixində Atatürkdən sonra ən güclü şəxsiyyətdir” – Müsahibə (III hissə)

Natiq Miri: “Ərdoğan Türkiyə tarixində Atatürkdən sonra ən güclü şəxsiyyətdir” – Müsahibə (III hissə) 

Natiq Miri: “Türkiyə qlobal şəbəkələr və imperiya siyasəti yürüdən dövlətlərin bu regiondakı layihələrinə yeganə əngəl ola biləcək geosiyasi faktordur”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Trampdan sonrakı dönəmdə də ABŞ dünyada tək güc sistemi prespektivini qoruyub saxlaya bilməyəcək”


“Yaxın 10-15 il ərzində Türkiyə 10 böyük dövlətin içərisinə girəcək”.


PİA.AZ Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müsahibənin ikinci hissəsini oxucularının diqqətinə cəlb edir:

- Bu gün bəlkə də Türkiyənin yeganə çatışmadığı ölkə Azərbaycandır. Xarici siyasət sahəsində qonşularla “sıfır problem” devizi ilə hakimiyyətə gələn AKP 15 ildən sonra bütün qonşuları və müttəfiqləri ilə düşmən oldu. Ərdoğanın siyasətini nə qədər doğru hesab edirsiniz? Və bu siyasət Türkiyəni hara aparacaq? 

- Əslində AKP hakimiyyəti və eyni zamanda onun çıxardığı siyasi lider R.T.Ərdoğan Türkiyə tarixində Atatürkdən sonra bəlkə də ən güclü şəxsiyyətdir. Fikrimcə, Türkiyə toplumu və dövləti adına bu çox böyük bir qazancdır. Bu gün dünya səviyyəsində Ərdoğan kimi üç qlobal lideri göstərə bilməzsiniz. Əgər onlardan biri Putindirsə, ikincisi Ərdoğandır. Hətta bu gün ABŞ-da Ərdoğan səviyyəsində bir siyasi lider yoxdur. Çox maraqlıdır ki, Avropa dünyasında da bu cür siyasi lider qıtlığı yaşanır. Ona görə də Ərdoğanın fəaliyyətini düzgün qiymətləndirmək lazımdır. “Sıfır problem” devizini tənqid edən çox insanlar var. Hətta Azərbaycanın müxalif siyasi partiyaları rəhbərliyində də AKP siyasətini bəyənməyənlər var. Ancaq sual vermək lazımdır ki, “sıfır problemi”nin həll olunmasına əngəl olan kimlərdir? Məğər,buna səbəb Türkiyənin yürütdüyü siyasətdir? “Sıfır problemi” ola biləcək ölkələrdən biri Ermənistandır. Türkiyənin Ermənistana tamamilə açılması üçün ABŞ-ın mderatorluğu altında bir plan işləndi. Hətta konkret protokol imzalandı və parlamentə ratifikasiya üçün daşındı. Lakin Ermənistanda buna imkan verilmədi və Sürix sazişini məhz Ermənistan ratifikasiya etməkdən imtina etdi. Niyə? Çünki Rusiya Türkiyənin Ermənistanla yaxınlaşmasını istəmir. Bu sonucda Ermənistanı Rusiyanın fortpostu olmaqdan çıxara bilər. Türkiyə və Rusiyada bu sazişin əleyhinə olan başqa tormozlayıcı xarici faktorlar da vardı. Bunlardan biri də Azərbaycan idi. Çünki bu sərhədlərin bağlanması Rusiyanın dəstəyilə Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal etməsi nəticəsində baş vermişdi. İşğal səbəbi aradan qaldırılmadan nəticənin əldə edilməsi doğru məsələ deyil. Rusiyada Dağlıq Qarabağ məsələsində Türkiyənin daha aktiv zonaya çıxmasını istəmirdi.

Eyni zamanda İraq, Suriyada savaşı başladan Türkiyə olmadı.  Öncəliklə, Yaxın Şərqdə “ərəb baharı” yaratdılar.Sonra “Ərəb baharı” çərçivəsində Türkiyənin mövqelərinin daha da güclənəcəyindən narahat olan qlobal güc mərkəzləri  geri addım atmağa məcbur  oldular. 

Fikir verdinizsə, “Ərəb baharı” çərçivəsində hakimiyyətə gələn siyasi güc mərkəzləri “Müsəlman qardaşları” idi. Maraqlıdır ki,  “Müsəlman qardaşları”nın nüvəsi də Türkiyədə idi və az bir zamandan sonra Türkiyənin bütün Yaxın Şərq,  müsəlman dünyasını idarə edəcəyi narahatlığı “Ərəb baharı” prosesinə böyük əngəl oldu. Hətta qeyri-demokratik olsa belə, Mursi hakimiyyətini hərbi çevirilişlə devirdilər. Bütün demokratik dövlətlər, ABŞ bu prosesə göz yumdu və özlərini  ikilistandartlıq əzmində dünyaya nümayiş etdirdilər. 


photoslide_title

Natiq Miri: “Türkiyə qlobal şəbəkələr və  imperiya siyasəti yürüdən dövlətlərin bu regiondakı layihələrinə yeganə əngəl ola biləcək geosiyasi faktordur”.


Yəni, bu gün “sıfır problemi”nin həyata keçirilməməsinin mahiyyətində duran AKP siyasəti deyil. Əksinə Türkiyənin güclənməsinin qarşını almaq istəyən Türkiyənin strateji mütəffiqləridir. Türkiyədə hərbi çeviriliş həyata keçirmək istəyən güclərdən hesab olunan  Fətullah Gülənin rəhbərlik etdiyi mərkəz məgər Mərkəzi Kəşfiyyat idarəsi tərəfindən idarə olunmur? Təbii ki, prosesin içərisində həm İsrail, həm də NATO rəhbərliyi durur. Onlar idarə olunan bir Türkiyə istəyirlər. Yəni, köhnə Türkiyəni yenidən qurmaq istəyirlər. Türkiyə Atatürkdən bu tərəfə heç bir zaman bu qədər öz siyasi iradəsinin sahibi olmayıb. Bu gün dünyanı narahat edən odur ki,Türkiyə müstəqil siyasət yürüdür və regionda Türkiyəsiz heç bir problemi həll etmək mümkün deyil. Bu Türkiyənin gücüdür. 

Bu çərçivənin içərisində Türkiyə öz ciddi müdafiə sənayesini inkişaf etdirir. Bu o deməkdir ki, yaxın 10 ildə Türkiyə özünün müstəqil tankını, raket sistemlərini, ən müasir silahları və qırıcı təyyarələrini yaradacaq. Artıq bu layihələr işlənir və bütün dünya gücləri bunu bilir. Onları narahat edən də elə budur. Onlar anlayır ki, güclü bir Türkiyə qlobal şəbəkələr və  imperiya siyasəti yürüdən dövlətlərin bu regiondakı layihələrinə yeganə əngəl ola biləcək geosiyasi faktordur. Yəni, ayın yüz oyunu bir armudun başındadır. Bu armudu qırmağa qoymayan tək ölkə Türkiyədir. 

- Natiq bəy, Trapm hakimiyyətə gəldikdən sonra ABŞ-ın İranla və Şimali Koreya ilə müharibə etmə ehtimalları artıb. Bu müharibələr dünyanın geosiyasi xəritəsini və dünya düzənini tamamilə dəyişmək üçün yetərli ola bilərmi? Məsələn, ABŞ-la Şimali Koreya arasında müharibə baş verərsə, bu Sakit Okean hövzəsində hansı geosiyasi dəyişikliklərə səbəb olar? Tutaq ki, Çin bu günə qədər Şimali Koreyanı müdafiə edib, onun yaşamasına səbəb olub. Şimali Koreyada olmadan, Sakit Okean hövzəsinin geosiyasi şəkilini necə təsəvvür edirsiniz?

- Əvvəla onu deyim ki, ABŞ-ın planı İranı parçalamaq deyil. ABŞ-ın siyasətində bu regionda İranınvarlığı Türkiyəyə qarşı balanslaşdırıcı gücdür. Çünki bütün zamanlarda ingilislər İslamı məhz şiə və sünniyə parçalamaq, sonradan vəhabiliyi ortaya çıxarmaqla bu gücü zəiflətməyə çalışdılar. Turanla İran savaşlarını da Qərb dünyası zaman-zaman tətikləyib. Bu gün də həmin proses davam edir. Bu baxımdan şiə dünyasının tamamilə parçalanıb, zəif hala gətirilməsi ABŞ-ın marağında deyil. Ona görə ki, İranın ortadan çıxması bölgədə tək həlledici  gücün Türkiyənin olmasına səbəb olacaq. 

Artıq Turan ideologiyası , türk cümhuriyyətlərinin tədricən bir-birinə yaxınlaşma prosesi gedir. Bu proses getdikcə hərəkətlənir. Fikir verirsinizsə, artıq Qazaxıstanda kiril əlifbası ləğv olundu və tədricən latın əlifbasına keçməklə bütün türk toplumlarının çox rahatlıqla bir-birini oxuyub anlamasına səbəb olacaq. Bu isə gələcəkdə birləşməyə imkan yaradır. 

O baxımdan düşünürəm ki, ABŞ-ın hədəfi İranı parçalamaq yox, siyasi rejimi dəyişməkdən ibarətdir. Əgər İranda siyasi rejim dəyişərsə, İran modeli eyni qalacaq. Sadəcə bir ingilis çoçuğunun rahat idarə edə biləcəyi bir hakimiyyət İranda var olacaq. Çünki İran öz balanslaşdırıcı güc olmasını bu regionda davam etdirməlidir ki, ən azından Türkiyənin qarşısınıala bilsin. 

Şimali Koreya məsələsinə gəlincə, bu məsələ ancaq ABŞ və onun mütəffiqlərinə qarşı təhlükəsi ilə bağlı deyil. Əslində bu məsələnin mahiyyətində nüvə silahı məsələsi bir bəhanədir. Əsas hədəf Çindir. Çin mütləq mənada əhatələnməlidir. Eyni zamanda Rusiyanın yanlış siyasəti nəticəsində şərait və bəhanə yarandı ki, NATO genişlənsin və öz silahlılarını Rusiyanın sərhədləri boyunca düzsün. Bu, ikinci dünya müharibəsindən bəri mümkün olmurdu. Lakin indi mümkün oldu.  Təbii ki, Avropa və Qərb dünyası Krımdan sonra Rusiyanın özünə təhlükə gördüyü üçün məhz öz təhlükəsizliklərini təmin etmək adına  Rusiyanın sərhədləri ni NATO gücləri ilə çevrələndirdilər. Həmin siyasət Çin ətrafında da gedir. Əslində Şimali Koreya rejiminin devrilməsi və Koreyanın birləşməsi güclü bir Koreya anlamına gəlir. Bu Koreya  isə ABŞ-ın bilavasitə rahat idarə edə bildiyi bir rejimdir. Çinin inkişafının və qüdrətlənməsinin qarşısını almağın bir yolu var ki, bu da Şimali Koreyanın ortadan qaldırılmasıdır. Şimali Koreya üstündən Çini zərərsizləşdirəcəklər. 


photoslide_title

Natiq Miri: “ABŞ-ın planı İranı parçalamaq deyil”.

- Çin liderinin ABŞ-a səfərindən sonrakı dönəmdə  Çin Şimali Koreya ilə bağlı Trampın radikal siyasətinə loyal münasibət nümayiş etdirir. Ola bilərmi ki, hansısa anlaşma olsun? Misal üçün Çinin Tayvana olan hüquqlarının tanınması üzərindən Şimali Koreyada hansısa hakimiyyət dəyişikliyi baş versin? Ya da Çinin ABŞ bazarında fəaliyyəti genişləndirilsin?

- Əslində Çinə təzyiq etmək üçün Tramp hakimiyyətə gələndən sonra məhz Tayvan rəhbərliyinə zəng etdi və müəyyən mənada Tayvana dəstək verəcəyi ilə bağlı açıqlama verdi. Bu Çini çox ciddi surətdə narahat etdi. Bu gün vəziyyət o yerə gəlib çatıb ki, ABŞ-la Çin arasında siyasi bazarlaşma mərhələsi baş verib. Maraqlıdır ki, Çin lideri Si Tszinpinin ABŞ səfərindən sonra Tayvanın prezidenti Trampa zəng edib, amma Tramp danışmaqdan imtina edib. Bu Çinə olan bir mesajdır ki, biz Tayvanı dəstəkləməyə də bilərik. Ancaq bir şərtlə ki, Şimali Koreyanı Çin zərərsizləşdirsin. Çünki Şimali Koreyanın bütün nüvə və raket araşdırmalarının kökündə məhz Çinin dəstəyi durur. 

Əslində Şimali Koreya Çinin böyük sisteminin bir kiçik parçasıdır. ABŞ bunu çox gözəl bilir. Ona görə də Çin lideri Si Tszinpinin üzərində çox böyük bir məsuliyyət qoyub ki, Şimali Koreyanı dayandıra biləcək tək güc Çin dövlətidir. Əks tədqirdə Çinin bütövlükdə dayandırılması prosesinə başlanacaq. Hətta bunun işartıları da görünür. Şimali Koreya bəhanəsi ilə artıq Koreya yarımadasına, eyni zamanda Çin dənizinə,Sakit Okean boyunca Çinin sərhədləri yaxınlığına ABŞ-ın çox güclü donanması gətirilib. Bu o deməkdir ki, həmin donanmanın gəlməsi üçün ABŞ-a çox ciddi bəhanə lazım idi. Həmin güc Çinin ABŞ maraqlarını qəbul etməyəcəyi müddətə qədər orada qalacaq. Bu gün Çinlə ABŞ arasında çox ciddi rəqabət və mübarizə gedir. Ayrıca, ABŞ bu proseslə Çinlə Rusiyanın yaxınlaşmasının qarşısını almaq istəyir.


photoslide_title

Natiq Miri: “Dünyanı idarə edən tək sistem olması üçün ABŞ-ın ortada bir ədaləti olmalıdır. Ancaq biz bu ədaləti görmürük”.

- Bütün dünyanı saran qlobal iqtisadiyyata sahib olan və eyni zamanda qlobal hərbi-siyasi gücə malik ABŞ-ın gələcəyini necə təsəvvür etmək olar?

- ABŞ-ın hegemon güc olmasına rəğmən, bu gün proseslər ABŞ-ın iradəsinin əleyhində inkişaf edir. Dünyanı idarə edən tək sistem olması üçün ABŞ-ın ortada bir ədaləti olmalıdır. Ancaq biz bu ədaləti görmürük. Hər şey yanlız ABŞ-ın maraqlarına xidmət edir. Tək güc mərkəzinin cəlbedici olması üçün mütləq mənada ədalət sistemi olmalıdır. Ayrıca, ABŞ-ın büdcəsi də getdikcə buna imkan vermir. Çünki tək gücün nüvə olması üçün nüvənin ətrafında fırlanma orbitlərini yeməmək lazımdır. Bütün ölkələr ABŞ səviyyəsində inkişaf etməyib. Xüsusilə Afrika və yaxın Şərqdə zəif inkişaf etmiş ölkələr var ki,hələ də rahat idarə oluna bilməsi üçün ABŞ-dan yardımlar alırlar. 

Artıq ABŞ-ın resursları buna o qədər də kifayət eləmir. Son statistikaya görə,  ABŞ Azərbaycan, erməni diasporasına rəğmən Ermənistan və bir çox ölkələrə yardımı dayandırır. Bu Trampın yeni bir siyasətidir. ABŞ-ın daxili və xarici borclarına görə 18 trilyon dollardan çox borcu var. Bu borcu bağlamaq üçün mütləq şəkildə Trampın mənfəət siyasəti yürüdülməlidir. Bu baxımdan 5 il müddətində Trampın ABŞ üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Hesab etmirəm ki, Trampdan sonrakı dönəmdə də ABŞ tək güc sistemi prespektivini qoruyub saxlaya biləcək. Bu mümkün də deyil.  Bu cür ədalətsiz və  imperiya siyasəti yürüdən bütün güclər parçalanmağa məhkumdur. Ona görə tarixin hansısa mərhələsində ABŞ da parçalanacaq.

- Sizcə, supergüc olaraq hansı dövlətin iqtisadi resursları ortaya çıxmağa imkan verir? 

- Bu gün ABŞ-a çox ciddi alternativlər var. Bu alternativlər təbii ki, Asiyadadır. Eyni zamanda Avrasiyada da Türkiyə adı altında yeni günəş doğur. Həmçinin Çin çox qüdrətli ölkəyə çevrilir. Bunların içərisində Hindistanı da görməzdən gəlmək olmaz. Yəni, bir çox güc mərkəzləri getdikcə ABŞ üçün çox ciddi alternativ olmağa başlayırlar. Hesab edirəm ki, yaxın 10-15 il ərzində Türkiyə 10 böyük dövlətin içərisinə girəcək. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi