“Nazir Muxtar Babayevlə görüşüb dedim ki, yaxın ətrafınız

“Nazir Muxtar Babayevlə görüşüb dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, o isə…”

Oğuz rayon sakini Seyidov Xalid Tofiq oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehirban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Çox hörmətli cənab Prezident!

Mən, Seyidov Xalid Tofiq oğlu, doğma Oğuz rayonunda meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub-saxlanılması üçün əlimdən gələni etmişəm. Lakin Vətənə sədaqətli xidmətin kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq  yuxarılara “HAQQ” vermədiyimə görə, məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər.

10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki, bir dənə də olsun sağlam, yararlı, gözə xoş ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq). Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara müraciətlər etdim. Heç bir xeyri olmadı. Sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər. O isə qarşılığında heç formal da olsa cavab vermədi.

Bu qəbullardan sonra Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. Başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək  Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar.

Xatırlatmaq yerinə düşərdi ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar(kirvədirlər). Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. O F.Əliyev ki, dəfələrlə qəbuluna gəlib Oğuz meşələrinin amansızcasına məhv edilməsini və bunun qarşısının alınmasını bir işçi və bir vətəndaş olaraq demişdim. Lakin o, bu deyilənlərin heç birinə əhəmiyyət vermirdi. Qeyd edək ki, A.Qafarovun masallı rayonunda böyük bir şəxsi mebel sexi fəaliyyət göstərir. Amma çox maraqlıdır ki, 5-6 meşəyə rəhbərlik edən və himayəsində olan meşələri ağlar günə qoymuş Məmmədov Valeh Yaqub oğlu nədənsə məsuliyyətdən kənarda qaldı. Doğrudur, onu bir neçə dəfə törətdiyi özbaşnalıqlara görə işdən qovsalar da, vəzifədə olan qardaşlarının (biri Şahdağ Dövlət Qoruğunun rəhbəridir, digəri Notariusda sədrlik edir) köməkliyi sayəsində hər dəfə məsuliyyətdən qurtula və öz işini - konkret olaraq hər həftə 5-600 kub m. ağac qırıntısı kəsdirib, yük avtomobillərilə satışını təşkil etməkdədir. Bu adam hətta karantin dövründə öz bazarını dayandırmır(onun meşəsinin necə məhv edilməsini əks etdirən fotoşəkillər əlavə olunur). Respublikada heç kim ona söz deyə bilmədiyinə görə, Valeh də bir meşəbəyi kimi meşə ağaclarını öz dədəsinin malı kimi satmaqda indi də davam edir.

Bəs, bu arada ETSN tərəfindən ayrılmış komissiya bu ağac qətliyamına necə qiymət verir? Əvvəla onu qeyd edək ki, bu komissiya yerli əməkdaşlardan təşkil olunublar və yoxlanılan sahələrin meşəbəyilə əvvələr birlikdə “çox işlər” görüblər. Ona görə, onlardan nəsə bir reallıq gözləmək düzgün olmazdı. Digər tərəfdən, cənab nazir müavini də onlara tapşırıb ki, yalnız son 3 ay ərzində olan kəsintiləri yoxlasınlar. Komissiyada son 3 ay ərzində qırılmalar üzrə aşkar etdikləri fakt üzrə, məslən 32 ağac yerinə cəmi 2 ağacın kəsilməsini, 6 ədəd uzunömürlü ağacların əvəzinə isə cəmi 1 ağacın qeydini edirlər. Yəni yuxarıdan tapşırıq elədir ki, yaşı 200 olan qiymətli ağacların hamısının son 2 ildə kütləvi surətdə məhv edilməsinə baxmayaraq, konkret desək ETSN-nin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası isə bunların heç birinə əhəmiyyət vermir. Bu komissiyaya həm kəsilən ağacları, həm də torpaq altına alınmış ağac möklərini fakt üzrə yerində göstərsəm də, onlar bunları nəzərə almaq istəmirlər. Bəhanələri də bu olur ki, biz yalnız son 3 ay ərzində kəsilənləri qeydə almalıyıq, vəssəlam. Lap belə olan halda hər sutkada 10-15 yük avtomobil yüklü yeni kəsilmiş ağaclar satılmaq üçün daşınsa da, bu komissiya sanki heç nə görmür, heç nə eşitmirmiş. Adamda belə bir təəssürat yaranır ki, sanki ETSN və onun Azərbaycandakı əməkdaşları iblisə uymuşlar.

Cənab Prezident!

Xatırladım ki, Ulu Öndər Heydər Əliyev ağacların kəsilməsinə həmişə öz kəskin etirazını bildirmişdir. Siz də H.Əliyev kursunun davamçısı olaraq xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadağın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edirəm”.

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi