Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri olmuşdur.
Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin mühüm rolu olmuşdur. O, “Əti sənin, sümüyü mənim”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Dələduz”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlər yazmışdır.
Nəcəf bəy Vəzirov bir çox pyeslərinin adını atalar sözləri və məsəllərdən götürmüşdür. “Əti sənin, sümüyü mənim”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” kimi pyesləri ilə yanaşı 1890-cı ildə yazdığı “Daldan atılan daş topuğa dəyər” komediyasıda bu tipli əsərlərindəndir. “Daldan atılan daş topuğa dəyər” komediyasında hadisələr Xırda xanım və əri Əbdürrəhman bəyin arasında baş verən konfliktlə başlayır. Bu konflikt ondan ibarət idi ki, qızları on səkkiz yaşlı Səkinə xanımı evləndirməkdə Əbdürrəhman bəy Xırda xanıma köməklik etmirdi. Əsərdə yeniliklə köhnəlik arasında mübarizə gedir. Əbdürrəhman bəy, həkim İskəndər, qulluqçu Pəri, Dəli Şirin, Səkinə xanım kimi obrazlar yenilikçi mövqedədirlər. Onlara qarşı əks mövqeyi tutub, köhnəliyi təmsil edənlər- Xırda xanım, dərviş Heydərəli, Nurcahandır. Arvadı Xırda xanım Əbdürrəhman bəyə kənddə Səkinə xanımın yaşında olan Püstə xanımın qızının, Nurcahan xanımın qızının, Səfdərqulu bəyin qızının ərə gеtdiyini misal çəkərək, Əbdürrəhman bəyi isə ancaq qumar oynayıb, ailəsinə qarşı diqqətsiz olmaqda günahlandırır. Əbdürrəhman bəy isə yenilikçi bir insan idi. O, arvadını başa salmağa çalışırdı ki, qız alma dеyil, qarpız dеyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Əbdürrəhman bəy ona izah edir ki, axı mən nə edə bilərəm. Xırda xanım Əbdürrəhman bəyə deyir ki, şəhərə İskəndər bəy adında ağıllı, göyçək həkim gəlib. Gərək biz onunla Səkinə xanımı evləndirək.
Əbdürrəhman bəy “Mən gеdim ona nə dеyim? Dеyim ki, gəl mənim qızımı al? Tutalım ki, dеdim, axır alarmı? Еlə iş hеç bir yеrdə görünübdümü? Axı biz müsəlmanıq” -deyib, bu işdə Xırda xanıma köməklik edə bilməyəcəyini deyir. Xırda xanım qumar oynamaqdan başqa sənin əlindən bir iş gəlmir ki, varımdan, yoxumdan kеçib bu işi özüm düzəldəcəm deyib, işə başlayır. İlk iş olaraq da nökər Əbdürrəhimi Nurcahan arvadın və İrandan gələn dərviş Heydərəlinin arxasınca göndərir. Xırda xanım qızının evlənməsi üçün pərvərdigara hər ocaqda bir şam yandırmağı, bеş qoyun kəsməyi, on yеtim sеvindirməyi, ildə iki gün еhsan vеrməyi nəzir еdir. Xırda xanım eyni zamanda qızını evləndirməkdə ona köməklik etmək müqabilində Nurcahana bir dəst şaldan libas, otuz manat pul, qabaqcadan bir dəst çit paltar verməyi boyun alır. Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərindəki dərviş obrazı fırıldaqçı və yalançıdır. Dərviş İskəndər və Səkinənin ulduzunun barışdırılması müqabilində Xırda xanımdan bir at, bir dəst paltar, bir saat və bir qədər cib xərçliyi istəyir. Xırda xanım razılaşır. Dərviş Səkinə xanımın bəxtinin açılması üçün yumurtanın üstünə zəfəran ilə bir dua yazıb, onu İskəndər bəyin qapısında bir qadının yеrə vurub, sındırmasının lazım olduğunu bildirir. Cadunun daha tez təsir göstərməsi üçün duanı suya salıb, həmin sudan oğlana çay içində, su içində içirtməyi tapşırır. Ağa Dərvişin bu təlimatlarını Nurcahan yerinə yetirir. Ağa Dərviş bunları edəndən sonra oğlan biixtiyar gələcək deyib, gedir.
Nəcəf bəy Vəzirov Xırda xanımın Ağa Dərviş və Nurcahan tərəfindən aldanıldığını qulluqçu Pərinin sözləri ilə göstərir. “Bu arvad lap ağlını itiribdir axı. Bir dеyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vеrmək olar?”.
Nəcəf bəy Vəzirov “Daldan atılan daş topuğa dəyər” əsərində Şirin adında dəlinin sözləri ilə Nurcahanın əsl üzünü göstərir. Dəli Şirin Nurcahanın indiyə kimi etdiyi bütün işləri- Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşı arvadını göstərməsini, nə qədər ondan pul almasını, Şahbaz bəyi aldadıb aparmasını, biçarəni Qulaməli bəyin tələsində öldürməsini, Hacı Tanrıvеrdinin arvadının qızıllarının səkkizini oğurlamasını deyib, onu həkimə tanıdır. Yazıçının Dəli Şirinin və qulluqçu Pərinin dili ilə həqiqətləri oxucuya çatdırmaqda məqsədi o idi ki, cəmiyyətdə vəziyyət o həddədir ki, onu hətta dəli və ən savadsız qulluqçu belə görə bilirdi. Xırda xanım Dərvişin cadusunun nəticəsini gözləyərkən, Allaha şikayət edir ki, ona qız əvəzinə bir daş versəydi, daha çox xoşbəxt olardı. Səbəbi kimi də onu göstərir ki, qızı adam ərə vеrib qurtarana qədər canı çıxır.
Nurcahan və Ağa Dərviş Xırda xanımdan işin müqabilində söz verdiklərini almağa gələndə, Xırda xanım onlara işin hələki düzəlmədiyini deyir. Ağa Dərviş xanımı aldadaraq, deyir ki, İskəndər bəy Hacı Məhəmmədtağının və Hacı Kərimin evinə gedib, onlardan xahiş edib ki, sizin qapınıza onun üçün elçiliyə gəlsinlər. Onlar da elçilik üçün şal və üzük tədarük görməyə başlayıblar. Xırda xanım sevinib, Nurcahan və Ağa Dərvişlə danışdığı haqq-hesabı ödəyirdi ki, Əbdürrəhman bəy otağa daxil olub, Xırda xanıma deyir ki, Nurcahan və Dərviş onu aldadıb, İskəndər bəy evlidir və özünün də bir oğlu var. Aldanıldığını başa düşən Xırda xanım Nurcahanı və dərviş Heydərəlini qovur. Xırda xanım sonda səhvini anlayır, amma artıq gec idi, bu xəbər hər yerə yayılmışdı.
Nəcəf bəy Vəzirov “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə, xüsusilə, mülkədar ailələrində geniş yayılan cadugərliyi ifşa edir. Əsərdə yeniliklə köhnəlik arasında gedən mübarizə əsərin sonunda aldanıldığını başa düşən Xırda xanımın Nurcahanı və dərviş Heydərəlini qovması ilə, yəni, yeniliyin qələbəsi ilə bitir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın