Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov da Ramiz Mehdiyevin istefasını istədi

Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov da Ramiz Mehdiyevin istefasını istədi 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub.

 Bir sıra insanlar, eləcə də AMEA strukturlarında çalışan elm adamları AMEA-da gedən proseslərlə bağlı fikirlərini bölüşürlər. AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov da yazısında son günlər AMEA-da baş verən proseslər barədə fikirlərini açıqlayıb.

Faktinfo.az yazını təqdim edir:

“Bu gün AMEA özünün ən ağır günlərini yaşayır. Bir vaxtlar elm məbədi sayılan bir qurum indi töhmət altında qalıb. Bu, bir adamın, bir neçə adamın yox, əslində xalqın töhmətidir. Mətbuat bu gün əsasən AMEA-dan danışır, amma onun yaxşılığından yox, ciddi problemlərindən, idarə olunmaz vəziyyətə çatdığından, AMEA-nın nizamnaməsinə zidd olan qaydalarla idarə olunmasından.

Mənim həyatımın 49 ili AMEA-da keçib. AMEA-nın 6 prezidentinin dövründə işləmişəm. Bu qədər hökmdar qaydaları ilə idarə olunan dövr elm tarixində olmayıb. Elə bir şərait yaranıb ki, AMEA-nın istənilən işçisi öz işinin sabahına inanmır.

Qəflətən emissar göndərilir ki, bu gün ərizəni yaz və işdən get. Həyatının 20, 30, 40, 50 ilini elm üçün fəda etmiş insanlarla belə rəftarın əsasında nə durur?

Elm tariximizdə ilk dəfədir ki, Rəyasət Heyətində illik hesabatların müzakirəsinə müvafiq institutların direktorları çağırılmır. Əgər direktorlar yoxdursa, söhbət hansı müzakirələrdən gedə bilər? Əgər institutların ünvanına iradlar bildirilirsə, bu iradlara cavab verilməlidir. Cavabı da yalnız müvafiq qurumun rəhbəri verməlidir.

Acınacaqlı vəziyyət təkcə humanitar və ictimai elmlər sahəsində deyil, təbiət elmləri sahəsində də institutların fəaliyyəti iflic olub.

İnstitut rəhbəri aylarla AMEA-nın prezidenti ilə görüşə bilmirsə söhbət hansı səmərəli idarəçilikdən gedə bilər?

İş o həddə çatıb ki, bəzi insanlar AMEA-nın lazımsız bir qurum olduğunu iddia edirlər. Mövcud olanı dağıtmaq, məhv etmək çox asandır, yerində nə olacaq?

Bu gün biz elm sahəsində dövlətin çağırışlarına layiqincə cavab verə bilmiriksə, bunun səbəbləri araşdırılmalıdır. Təcili tədbirlər görülməlidir.

Bu gün çox sayda ziyalılar, elm adamları öz səslərini qaldırıblarsa, vəziyyət olduqca dözülməz və ciddidir.

Əlbəttə, dövlət və xalq qarşısında xidmətləri olan insanlarımız çoxdur. Onların bu xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən kifayət qədər yüksək səviyyədə qiymətləndirilir. Odur ki, hər kəs indiki işinin məsuliyyətini bilməlidir.

Amma AMEA-nın idarə olunması xüsusi yanaşma, alimə və onun elmi yaradıcılığına layiqli dəyər verməkdən keçir. Alim hədə-qorxu ilə idarə oluna bilməz. Bu sistemin idarə olunması xüsusi bacarıq, idarəçilik məharəti, müxtəlif elmi istiqamətlər üzrə yetərli məlumatlı olmağı, analitik təhlillər aparmağı və ümumiləşdirmələr apararaq düzgün inkişaf konsepsiyası yaratmağı tələb edir.

AMEA-da elə bir vəziyyət yaranıb ki, şayiələr rəsmi məlumatlardan üstün tutulur. “Deyirlər” sözü Rəyasət Heyətində ən çox işlənən sözə çevrilib.

Bütün ölkə dövlət başçısının çağırışına cavab olaraq işğaldan azad olmuş torpaqlarda bərpa-yenidən qurma işlərina qoşulub. AMEA-da bu çağırışa qoşulma hələ ki, kağız üzərindədir. AMEA-nın bu istiqamətdə real söz deməyə sözü yoxdur? Var. Sadəcə bu sözlərin sahibi olan əksər alimlər AMEA-nın indiki rəhbərliyini “qane etmir”.

Qarabağda aqrar sektorun bərpası, məhv olmuş meşələrin bərpası və inkişafı üçün AMEA-nın bir çox institutlarının, o cümlədən akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun çoxlu tətbiqə hazır təklifləri var.

Hesab edirəm ki, AMEA-da insanları işdən çıxarmaq, onları acı sözlərlə təhqir etmək əvəzinə yeni idarəçilik üsulu yaradılmalıdır. Dövlət Ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” kimi dəyərləndirdiyi, böyük və dəyərli əmanəti məhv olmaqdan xilas etməlidir. Əks halda böyük və dəyərli əmanət məhv olacaq.

Bu isə əmanətə bağışlanmaz xəyanətdir.

Yaxşı olar ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən istefa versin, bununla da elmimizin gələcək inkişafına şərait yaransın”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi