Nərimanovun qohumu: “Əli bəy Hüseynzadə də bizimdir, Heydər Əliyev də, Nərimanov da…”
Nəriman Nərimanovun qohumu Kamilə Hüseynova Bakının Nərimanov rayonun adının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
Faktinfo.az xəbər verir ki, K.Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir.
“Belə bir fikir söyləməyə qohum kimi nə ixtiyarım var? Nəsə söz deməyim düzgün deyil. Prezident nə qərar versə, o da olmalıdır. Nərimanova illərdir, bu cür hörmətlə yanaşılıb. Nə mən, nə də Nərimanovun digər qohumları bunu heç vaxt unutmuruq. Bütün bunlar hamısı Heydər Əliyevin sayəsində olub. Nərimanovun adı bütün regionlar üzrə indi də var. Düzdür, adı dəyişdirilənlər də olub, amma əksər yerlərdə qalıb. Bu işlərə bizim qarışmağımız doğru olmaz. Nə qərar verilsə, qəbulumuzdur”, - K.Hüseynova bildirib.
O, “Heydər Əliyev İli” çərçivəsində Nərimanov rayonunun adının dəyişdirilərək Heydər Əliyev adlandırılması, müxalifətin isə bunun əksi olaraq, rayonun Əli bəy Hüseynzadə adını daşıması təklifinə isə belə cavab verib: “Aydın məsələdir, Nərimanov rayonunda Heydər Əliyev Mərkəzi yerləşir, Heydər Əliyev prospekti keçir. Əgər belə lazım bilirlərsə… Fikirlər müxtəlif ola bilər. Hər kəsin bir fikri var. Amma sonda qərar eyni olur. Əli bəy Hüseynzadə də bizimdir, Heydər Əliyev də, Nərimanov da. Ona görə də mənim üçün fərqi yoxdur. Nərimanovun heykəli ilə də bağlı illərlə söz-söhbət getdi. Vaxt var idi, 1990-cı illərdə Nərimanovun muzeyi ilə bağlı da söz-söhbətlər gedirdi. Lakin bütün bunlar Heydər Əliyevin xidmətidir. 1970-ci ildə Nərimanovun 100 illiyinin keçirilməsinə Moskva qətiyyən razılıq vermirdi ki, sən necə millətçiyə yubiley keçirə bilərsən, mümkün deyil. İki il Heydər Əliyev onlarla mübarizə aparıb, çalışıb-vuruşub, sübut edib. Bunları unutmuruq. Nərimanovun qardaşının nəticəsiyəm. Qızım Ləman Hüseynova hazırda Nəriman Nərimanovun Xatirə Muzeyinin direktorudur. Mən 23 il Nərimanovun ev muzeyində direktor işləmişəm. Hər şeyə böyük minnətdarlıqla yanaşmışıq. Heydər Əliyevin Nərimanovun adını yaşatmaq üçün gördüyü işləri heç kim unutmur”.
K.Hüseynova Nərimanovun məzarının Moskvadan Azərbaycana gətirilməsi məsələsinə də toxunub: “Bununla bağlı heç bir müraciət etməmişik. Kimisə buna görə narahat edə bilmərik. Nənəmin böyük arzusu idi. Həmişə arzulayırdı ki, kaş məzarı gətirəydilər. Nərimanovun oğlu Nəcəf Nərimanovun məzarı Ukraynanın Volnovaxa şəhərindədir. Bilirsiniz ki, indi Donetsk vilayəti nə vəziyyətdədir. Düzdür, bizə xəbərlər çatır ki, hələ o qəbristanlığa toxunulmayıb. Gülsüm xanımın qəbri də Moskvada Vaqankovskoye qəbiristanlığındadır. Üçü də pərən-pərəndir, bir yerdə olmadılar. Nərimanov elə bir şəxsiyyətdir, dövlətə nəsə deməyə ixtiyarımız yoxdur ki, biz belə istəyirik, məzarı gətiririk... Bu da dövlət səviyyəsində görüləcək işdir. Dövlət qərar versə, gətiriləcək. Buna qarışa bilmərik. Çoxları belə fikir səsləndirdi ki, bir türkün Moskvada – Kremlin divarları qarşısında uyumağı, bəlkə də, yaxşıdır. Əlbəttə, Vətənində dəfn olunması daha yaxşı olardı…”
Bu xəbər üçün şərh yazın