Netanyahu cəbhə xəttində: Baş nazir müharibənin yeni mərhələsini elan edib
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib.
Bu barədə Report.az "Times of Israel"ə istinadla xəbər verir.
Bu, Netanyahunun 1 000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfər olub.
İsrail Baş Nazirinin Ofisi Netanyahunun "dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini" bildirib.
Netanyahu “X” sosial şəbəkəsindəki hesabında sərhəddəki qoşunlara baş çəkməsini əks etdirən video yayımlayıb. "Qəzza zolağında, cəbhə xəttində döyüşçülərimizlə. Biz hamımız hazırıq", - videoda qeyd edilir. Videoda Netanyahu hərbçilərdən növbəti mərhələyə hazır olub-olmadıqlarını soruşur. "Növbəti mərhələ yaxınlaşır", - Baş nazir deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Bu xəbər üçün şərh yazın